QMİ sədri Kazan şəhərində keçirilən "Rusiya -İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir

19.05.2023
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə RF Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanovun dəvətilə Kazan şəhərində keçirilən "Rusiya -İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir. Kazan Ratuşasında keçirilən və "Rusiya - İslam aləmi: ənənəvi mənəvi dəyərlər dinlərarası əməkdaşlığın əsasıdır" mövzusuna həsr olunmuş plenar iclasda Tatarıstan başçısı R. Minnixanov, Moskva və Bütün Rusiyanın Patriarxı Kiril, Rusiya müsəlmanları ruhani idarələrin başçıları, müftilər, RF hökümət nümayəndələri, eləcə də İslam aləmini təmsil edən xarici dini liderlər və elm xadimləri iştirak etmişlər. QMİ sədri iclasda çıxış etmişdir.
 Tədbir iştirakçılarını səmimi salamlayan və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və xoş arzularını qardaş Tatarıstan xalqına və Forum iştirakçılarına çatdıran  QMİ sədri qeyd edib ki, Rusiya tarixən İslam dünyasına və müsəlman irsinə dərin hörməti ilə tanınır, İslam dininin mütərəqqiliyini və mənəvi əhəmiyyətini yüksək qiymətləndirir.
Şeyxülislam İslam dünyası ilə dinlərarası dialoqun və əməkdaşlığın inkişafına verdiyi layiqli töhfəyə görə,
eləcə də Cənubi Qafqazda sülhün əldə edilməsinə və qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə Patriarx Kirilə öz minnətdarlığını bildirmişdir.
QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırmişdır ki, bu il Azərbaycanda müasir Azərbaycanın qurucusu, sovet dövlətinin rəhbərlərindən biri, dövrünün görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin “Ümummilli Lider İli” elan edilib. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin zəngin irsinin nəhəng potensialı sayəsində qazandığı təcrübədən istifadə edərək, onun başlatdığı işləri nəinki qoruyub saxlamış, onun rəhbərliyi ilə xalqımız ümummilli liderimizin əsas vəsiyyətini yerinə yetirərək Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə nail olmuşdur.
 
"Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin ünvanına, o cümlədən bu tədbirdə iştirak edən bir çox siyasi, din və ictimai xadimlərdən təbrik mesajları gəlməkdə davam edir, onların çoxu bu parlaq şəxsiyyətlə ünsiyyətdə olmuşlar. Heydər Əliyevin əziz xatirəsinə belə həssaslıqla yanaşdığınız üçün Azərbaycan xalqı adından sizə təşəkkür etmək istəyirəm."
 
Müharibələrin səngimədiyi müasir dünyada milli və ya dini dözümsüzlük səbəbindən zorakılıq aktları davam edir, dindən siyasi məqsədlər üçün sui-istifadə meylləri xüsusilə təhlükəlidir. Terrorizm və ya hər hansı zorakılığın heç bir dini əsası yoxdur və ola da bilməz, - deyə, Şeyxülislam xüsusi vurğulayıb.
***
Şeyxülislam A.Paşazadə və Tatarıstanın rəhbəri cənab Rüstəm Minnixanov ayrıca görüşüb fikir mübadiləsi aparıblar. Cənab Minnixanov, "əziz qardaşım, dəvətimi qəbul edib bura gəldiyiniz üçün Sizə təşəkkür edirəm" deyərək, QMİ sədrini salamlayıb. Şeyxülislam Tatarıstan rəhbərinə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan xalqının qardaş Tatarıstana və onun rəhbərliyinə dərin rəğbət və ehtiram bəslədiyini ifadə edib. Öz növbəsində cənab Minnixanov Azərbaycan dövlət rəhbərinə öz ehtiramını və salamlarını çatdırmağı xahiş edib və bütün Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.
Forum öz işinə davam edir.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 7097