Xanım Zeynəb bint Əlinin (ə) məqbərə kompleksi - Dəməşq, Suriya

Xanım Zeynəb bint Əli (ə) Mədinə şəhərində Miladi təqvimlə 626-cı ildə dünyaya gəlib və 682-ci ildə, 56 yaşında Dəməşqdə dünyasını dəyişib.
Xanım Zeynəbin (ə) atası Həzrət İmam Əli (ə), anası isə Xanım Fatimeyi-Zəhradır (ə).
Xanım Zeynəb (ə) dünyaya gəldikdə İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) uşağa ad qoymasını istəyir. Zeynəb adını da ona elə babası Həzrət Muhəmməd Peyğəmbər (s) qoyur.
Xanım Zeynəbin (ə) Arifə, Mühəddəsə, Alimə və s. kimi ləqəbləri vardır.
Həzrət Muhəmməd peyğəmbər (s) dünyasını dəyişdiyi zaman Xanın Zeynəbin (ə) 5 yaşı var idi. Mənbələrdə qeyd edilir ki, Xanımın ən rahat həyatı da elə uşaqlıq dövrünə - babası Peyğəmbərlə (s) birlikdə yaşadığı dövrə təsadüf edir.
Həzrət Peyğəmbər (s) vəfat etdiyi andan Xanım Zeynəbin (ə), eləcə də bütün ailə üzvlərinin həyatının keşməkeşli dövrü başlayır. Babasının vəfatından bir neçə ay sonra kiçik yaşlı Zeynəb anası Fatiməni itirir. Daha sonralar atası Əli (ə), qardaşları Həsən (ə) və Hüseyn (ə) amansızlıqla şəhid edilirlər. Xanım Zeynəb (ə) qardaşı İmam Hüseyn (ə) və yaxın ətrafının, əzizlərinin Kərbəlada şəhid edilmələrinin canlı şahidi olur. Qardaşı İmam Hüseyn (ə) və çoxlu sayda digər ailə üzvləri şəhid edildikdə, Xanım Zeynəb (ə) Əhli-beyt (ə) ailəsinin xanım üzvlərilə bərabər əsir götürülür. O Həzrət (ə) Kərbəla və Şamda baş vermiş hadisələrin ən böyük qəhrəmanlarından biri kimi tarixə düşür.
Xanım Zeynəb (ə) Aşura faciəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmiş, həm də öz atəşli xütbələri ilə Yezid hökumətinin iç üzünü açıb insanlara göstərmişdi.
Şamdan Mədinəyə qayıdan Xanım Zeynəb (ə) bir müddət sonra ailəsilə birlikdə yenidən Şama köçür. Qeyd edək ki, Həzrət Zeynəb (ə) öz əmisi Cəfər bin Əbu-Talibin oğlu Abdullahla ailə qurmuşdur.
Bir müddət Şamda yaşayan Xanım (ə) 682-ci ildə elə orada, öz bağında dünyasını dəyişir. Dəməşq kənarında dəfn edilən Xanımın qəbri üzərində məqbərə ucaldılır. Əsrlərdən bəri həmin məqbərə Əhli-beytsevərlərin ziyarət yerinə çevrilib.

Oxunub : 10669