“Dövlətiniz və xalqınız üçün dualar edirik” Fələstinin Baş Qazısı: “Azərbaycanın necə sülhpərvər və ədalət tərəfdarı olduğunu yaxşı bilirəm”

 
23.10.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində son günlər atdığı addımlar, işğalçı Ermənistanın dinc sakinlərə qarşı həyata keçirdiyi hərbi cinayətlər barədə dünyanın müxtəlif ölkələrindəki beynəlxalq təşkilatlara, tanınmış din xadimlərinə yazdığı müraciətlər böyük rezonansa səbəb olub.
Son günlər QMİ sədrinin ünvanına gələn cavab məktublarında Azərbaycanın haqlı mövqeyi müdafiə olunur, Ermənistanın dinc sakinləri atəşə tutması pislənilir.
Fələstin Dövlətinin Baş Qazısı, Prezidentin Dini işlər və islami əlaqələr üzrə müşaviri Mahmud Sidqi Əl-Həbbaş Şeyxülislam həzrətlərinə göndərdiyi cavab  məktubunda Azərbaycanda baş verənlərdən narahatlıq ifadə olunur:
“İki qiblədən birincisi, İki Məsciddən ikincisi, İki Müqəddəs Hərəmdən sonra üçüncü olan müqəddəs ocaqdan, İsra və Merac torpağı Fələstindən, Allahın aləmlərə bərəkət verdiyi müqəddəs ocaqdan Sizə və bütün Azərbaycan müsəlmanlarına salamlarımızı, ən xoş arzularımızı yetiririk.
         Əziz qardaşım, dost ölkənizdə baş verənləri böyük həyəcanla izləyirik, dinc əhalinin-qadınların, uşaqların, qoca və gənclərin qətlə yetirilməsindən, məscid və məbədlərin, evlərin toxunulmazlığının təhqir edilməsindən, günahsız insanların doğma evlərindən didərgin salınmasından böyük təəssüf hissi keçirir, baş verənlərdən hiddətlənirik. Ölkənizə və xalqınıza qarşı yönələn bu təcavüzü qətiyyətlə pisləyir, BMT-nin məlum qətnamələrinə zidd olan bu müharibənin bütün qurbanları ilə həmrəy olduğumuzu bir daha bəyan edirik.
         Əzəmətli ölkənizi ziyarət etmək, nəcib xalqınızla tanış olmaq mənə nəsib olub. Azərbaycan xalqının necə sülhpərvər, ədalət tərəfdarı olduğunu, İslam dininə böyük etiqad bəsləməklə yanaşı bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış etdiyini əyani görmək fürsəti qazanmışam.       
    Bizi birləşdirən dostluq və qardaşlıqdan qürur duyaraq təcavüzə qarşı sizlərlə birgə səsimizi qaldırır, sabitliyin, firavanlığın, təhlükəsizliyin, və beynəlxalq hüququn tərəfində olduğumuzu bəyan edirik.
         Allah Sizi, ölkənizi və xalqınızı bütün bəlalardan hifz etsin!
         Qardaşınız,
          Mahmud Sidqi Əl-Həbbaş
          Fələstinin Dövlətinin Baş Qazısı, Prezidentin Dini işlər və islami əlaqələr
          üzrə müşaviri”
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2097