Tunisin sabiq prezidentindən QMİ sədrinin adına məktub daxil olub.

 
 14.10.2020
Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Monsef Əl-Mərzuqi QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə cavab məktubu ünvanlayıb. Məktubda deyilir:
“Şeyx həzrətləri, Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu.
     Azərbaycanın suverenliyinin və ərazisinin məruz qaldığı təcavüz nəticəsində yaranmış vəziyyətlə bağlı son məktubunuzu aldım.
       Doğrusu, mənə yazmağınızdan öncə niyyətimdə vardı ki, Sizə məktub yazıb şəxsən özümün və şübhəsiz ki, həm də Tunis xalqının qardaş Azərbaycan xalqı ilə tam həmrəy olduğunu ifadə edim.
        Yaşadığınız belə çətin vəziyyətdə əlimizdən gələn yalnız şəhidlərin ruhuna rəhmət oxumaq, mümkün olan bütün vasitələrdən istifadə edərək sizinlə həmrəylimiyizi ifadə etmək, tezliklə sülhün bərqərar olması və azsaylı ermənilərin hüquqlarına riayət etməklə işğal olunmuş torpaqların Azərbaycan dövlətinin hakimiyyətinə qayıtmasına ümid etməkdir.
         Habelə, ümid edirik ki, bu böhran tezliklə keçəcək, fürsətdən yararlananlar müsəlmanlar və xristian qardaşlarımız arasında təfriqə yaratmayacaqlar. Çünki bu müharibənin dinlə heç bir əlaqəsi yoxdur, bu savaş suveren dövlətin torpaqlarının beynəlxalq səviyyədə tanınmayan separatçı qrup tərəfindən işğal edilməsinə görədir.
         Siz həyatınızı dinlərin birgəyaşayışı üçün nəzir etmişiniz, biz indi bütün vaxtlardan fərqli olaraq hamımız eyni istiqamətdə iş görməliyik. Ümid edirik ki, bu savaş müharibələrin bəlalarından əziyyət çəkən bu dünyada ən mühüm amillərdən biri hesab etdiyiniz böyük layihənin bərpasına mane olaraq insanların ruhunda yara buraxmasın.
            Əziz qardaşım, ali rəğbətimizi qəbul edin.
 
           
Dr. Məhəmməd Əl-Monsef Əl-Mərzuqi
Tunis Respublikasının sabiq prezidenti”
 
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1169