QMİ sədri Azərbaycanın Gürcüstan Respublikasına yeni təyin olunmuş səfirini qəbul etdi

03.09.2020
Sentyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Gürcüstan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyevi qəbul etdi.
Ölkəmizin Gürcüstandakı yeni səfirinə öz xeyir-dualarını bildirən QMİ sədri A. Paşazadə Azərbaycan və gürcü xalqları arasında tarixən formalaşmış dini-mənəvi əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Şeyxülislam A. Paşazadə bildirdi ki, Gürcüstan Qafqaz Şeyxülislamlığı tarixində özəl yer tutur və bölgənin dini mərkəzi – Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. QMİ sədri A. Paşazadə Gürcüstan Pravoslav Kilsəsi ilə olan əlaqələrin və Qafqazın ağsaqqal dini lideri – Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmimi münasibətlərinin xalqlarımız və dövlətlərimiz, bütövlükdə bölgəmiz üçün böyük dəyər kəsb etdiyini xüsusi vurğuladı.
Dövlətlərimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərini, dövlət rəhbərlərimizin qarşılıqlı ehtiramını böyük nemət kimi dəyərləndirən Şeyxülislam A. Paşazadə səfir F.Quliyevə qarşıdakı fəaliyyətində uğurlar dilədi və ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə qonşu Gürcüstan ilə bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələr müstəvisində münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır.
Görüşün sonunda Şeyxülislam A. Paşazadə səfirimizə müqəddəs Quran-Kərimin nəfis nüsxəsini hədiyyə etdi.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5430