Şeyxülislam Allahşükür Paşazadənin Türkmənistan prezidenti ilə telefon söhbəti baş tutub

 
 
      29 iyun tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədova zəng etmişdir.
        Azərbaycan, Qafqaz və MDB müsəlmanları adından qardaş türkmən xalqının liderini anadan olmasının 63-cü ildönümü münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə İslam aləmində Peyğəmbər Mühəmməd Salavatullahın yaşı olaraq xüsusi önəm kəsb edən ildönüm günündə ona Uca Allahdan ən xoş arzularını dilə gətirmiş, ona uzun ömür, ölkəsi və xalqı naminə gələcək fəaliyyətində uğurlar diləmişdir.
             Şeyxülislam A. Paşazadəni islam dünyasının tanınmış dini lideri, dinlərarası əməkdaşlıq müstəvisinin nüfuzlu şəxsiyyəti, sülhpərvər fəaliyyət sahibi kimi yüksək dəyərləndirdiyini bildirən Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədov postsovet məkanında ənənəvi mənəvi əlaqələrin və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsinə Allahşükür Paşazadənin əvəzsiz rolu və xidmətlərinin olduğunu xüsusi vurğuladı. Türkmənistan dövlətində dini-mənəvi irsin, İslam dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərə toxunan türkmən lideri həyatında önəmli olan bir gündə Şeyxülislamın təbriklərini eşitməkdən şərəf duyduğunu bildirdi. Cənab Q.  Berdimühəmmədov Türkmənistanda açılışı nəzərdə tutulan məscid kompleksində Şeyxülislam A. Paşazadəni fəxri qonaq kimi görməkdən məmnun olacaqlarını ifadə etdi.
            Dəvətdən məmnun olduğunu bildirən QMİ sədri iki qardaş dövlət — Azərbaycan və Türkmənistanın möhtərəm liderləri — Zati-aliləri cənab İlham Əliyev və Zati-alilər cənab Qurbanqulı Berdimühəmmədovun dövlətlərimizin bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlər sahəsində, ortaq tarixi irsimiz və dini dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yönündə fəaliyyətlərini yüksək qiymətləndirdiyini və bu işlərə Uca Allahdan xeyir-dualar dilədiyini ifadə etdi.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 925