13 İYUL 2025
Allahşükür Paşazadə həzrətlərinin konfransdakı çıxışı

“Dünya ictimaiyyəti milli, irqi və dini zəmində dözümsüzlüyə yox deməlidir!
Bu gün Bakıda İslamafobiyaya Qarşı Mübarizə üzrə 3-cü Beynəlxalq Konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın açılış mərasimində çıxış edib. Şeyxülislam həzrətlərinin çıxışının tam mətnini təqdim edirik.
Möhtərəm Konfrans iştirakçıları!
Sizləri salamlayır, Uca Allahdan tədbirimizin işinə rəvac və xeyir-dualar diləyirəm.
Etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən müstəqil Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində multikultural birgəyaşayış təcrübəsini dünyada model olaraq təqdim etmək, multikulturalizm və İslam həmrəyliyi ideyaları ilə çıxış etmək qüdrəti olan dövlətə çevrilmişdir. Milli-mənəvi dəyərlərimizin əsasını təşkil edən bütün dinlərə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət mövcuddur. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev müqəddəs dinimizin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslam həmrəyliyi ideyasına dəstəkləyən müdrik siyasi liderdir. Zati-alilərinin təbirincə desək: “İslam dünyasındakı rolumuz /... istər müsəlman dünyasının dini liderləri, /siyasi liderlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası qardaşlarımıza göstərdiyimiz dəstək yüksək qiymətləndirilir”. /
Hörmətli Konfrans iştirakçıları! Milli-mənəvi dəyərlər xalqımızın sərvətidir, onu göz bəbəyimiz kimi hər hansı yad təsirlərdən qorumaq və gələcək nəsillərə ötürmək borcumuzdur. Biz, öz növbəmizdə, İslam adından siyasi məqsədlər üçün sui-istifadə edən, dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizədə fəallıq göstərməliyik. Dini mərkəz olaraq, biz dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq forum və platformalarda bu mövqeni fəal müdafiə edirik. Fransada, İsveçdə, Danimarkada və başqa ölkələrdə islamofobiya, müsəlmanlara qarşı ayrıseçkilik mütəmadi hal almışdır. Təəssüflər olsun ki, İslam Peyğəmbərinin karikaturalarının çəkilməsi, Qurani-Kərim kitabının yandırılması, məscidlərə təcavüz — XXI əsr Avropa reallığıdır. İslamofobiya dünyada xristian-müsəlman qarşıdurması yaratmaq istəyənlərin əlində vasitədir.
Möhtərəm Konfrans iştirakçıları! Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni-mənəvi irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması, məhv edilməsidir. Monoetnik Ermənistanda azərbaycanlııların yaşadığı ərazilərdə müsəlman dini abidələrin, qəbirstanlıqların məhv edilməsi İslam mədəniyyətinə nifrətin əyani təzahürüdür. Bunlara rəğmən, Eçmiədzin və Kilikiyadakı erməni dini mərkəzləri bütün dünyaya Qarabağda guya erməni dini abidələrinin məhv edilməsi barədə iftira və qarayaxmalar yaymaqdadır. Xristian dininin sülhsevər mahiyyətindən uzaq, nifaq və qarşıduqmaya sövq edən və revanşizmin bayraqdarı olan erməni dini dairələri Ümumdünya Kilsələr Şurasından və dünyada xristian təəssübkeşliyindən sui-istifadə edirlər, habelə müsəlman ölkələri və beynəlxalq təşkilatlarına müraciətlər edərək özlərinə tərəf çəkmək məkrindədirlər. Həqiqət isə bundan ibarətdir ki, erməni işğalı dövründə məscidlərlə yanaşı kilsələr də dağıdılmış, mənşələri saxtalaşdırmışdır.
Azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də 300-dən artıq məscid və ziyarətgahımızın mövcud olduğu Qərbi Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin qazısının öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bundan sonra o torpaqlarda xalqımıza məxsus maddi-mənəvi mədəniyyət nümunələri vandalizmə məruz qaldı. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltmək məqsədi ilə Qazılar Şurasının iclasında İrəvan Qazısının fəaliyyətini bərpa etməsi barədə tarixi əhəmiyyətli qərar qəbul etdi. Biz sülh şəraitində birgəyaşayış tərəfdarıyıq. Əfsuslar olsun ki, erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir, islamofob çağırışlarla dinlərarası nifaq salır, xristian təəssübkeşliyindən öz məkrli anti-Azərbaycan təbliğatı üçün sui-istifadə edir.
Azərbaycan dövlətinin ali diqqəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəyərli səyləri ilə işğaldan azad olunmuş ərazilərimizdə tarixi formada bərpa edilən və nəfis şəkildə yenidən qurulan məscidlər, bütün dinlərə məxsus məbədlər multikultural Azərbaycan təfəkkürünün təzahürüdür.
Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası – qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür.
Möhtərəm Konfrans iştirakçıları! Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması üçün milyardlarla insanın mənəvi dəyərlərinə və dini hisslərinə ehtiram vacibdir. Söz azadlığı pərdəsi altında nifrətə çağıran, qarşıdurmaya sövq edən İslamofobiya kimi ksenofob düşüncə və əməllər inkar olunmalıdır. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi: «İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!» (Ali-İmran, 104).
Allah Taala Uca Rəbbin yaratdığı müqəddəs insan varlığını, Azərbaycanmızı, dövlətimizi və ümmətimizi hifz etsin! AMİN!
Fürsətdən istifadə edərək qarşıdan gələn Azərbaycanın Müstəqillik günü münasibətilə öz səmimi təbriklərimi ifadə edirəm.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Oxunub : 408