13 İYUL 2025
“Dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə ciddi ehtiyac var”

26.05.2025
Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “İslamafobiyaya Qarşı Mübarizə üzrə 3-cü Beynəlxalq Konfransın işində iştirak etmək üçün ölkəmizə səfərə gələn Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICllD) Baş katibi vəzifəsini icra edən səfir Almeida Ribeiro ilə görüşüb.
Qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Şeyxülislam həzrətləri səfirə yeni məsul vəzifəsində uğurlar arzulayıb. KAICllD Direktorlar Şurasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə bu nüfuzlu beynəlxalq qurumun qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün dünyada baş verən proseslər bir daha göstərir ki, dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmlənməsinə ciddi ehtiyac var. Şeyxülislam həzrətləri Almeida Ribeironun qurumun fəaliyyətini gücləndirmək üçün öz təcrübə və bacarığını əsirgəməyəcəyinə inandığını ifadə edib.
Xoş qarşılanmaya görə Şeyxülislam həzrətlərinə təşəkkürünü bildirən qonaq ölkəmizə ilk dəfə gəldiyini, Bakının gözəlliyinə, insanların mehribanlığına heyran qaldığını bildirib. KAICllD Baş katibi vəzifəsini icra edən səfir Almeida Ribeiro son vaxtlar təşkilatın işinin gücləndirilməsi üçün həyata keçirilən işlər barədə məlumat verib. O, qeyd edib ki, Direktorlar Şurasında təmsil olunan Şeyxülislam Allahşükür Paşazadə kimi təcrübəli və nüfuzlu dini liderin məsləhətləri təşkilatın gələcək uğurlu fəaliyyəti üçün çox önəmlidir.
Söhbət zamanı KAICllD Direktorlar Şurasının iyunun 5-də onlayn formatda keçiriləcək iclası barədə fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 476