07 FEVRAL 2026
Şeyxülislam həzrətləri Misir Ərəb Respublikasının diplomatını qəbul edib

23.05.2025
Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri iki dost və qardaş dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Ötən ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri zamanı nümayəndə heyətində olduğunu xatırladan QMİ sədri Qahirədə Əl-Əzhəri Şərifin Şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyiblə görüşü xüsusi vurğulayıb. Nüfuzlu dini liderin keçən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirakını mühüm hadisə kimi dəyərləndirib. QMİ-nin keçirdiyi konfrans və sammitlərdə Misirin dövlət rəsmiləri və dini liderlərinin yaxından iştirakını münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.
Şeyxülislam həzrətləri iki dövlət arasında müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına diplomat kimi verdiyi töhfələrə görə səfirə minnətdarlığını bildirib, ona gələcək həyatında uğurlar diləyib.
Hişam Mohamed Nağı Abdel Azərbaycanda diplomatik fəaliyyəti zamanı Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlərini məmnunluqla xatırlayıb, bu illər ərzində göstərdiyi diqqətə görə QMİ sədrinə təşəkkürünü çatdırıb. Misirli səfir Azərbaycanın dini liderinin dünya miqyasında nüfuz və hörmətini xüsusi vurğulayaraq, Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasına Şeyxülislam A. Paşazadənin üzv seçilməsini İslam dünyası üçün mühüm hadisə kimi qiymətləndirib. Səfir Şeyxülislam həzrətlərinin timsalında xalqımızı qarşıdan gələn 28 May Müstəqillik Günü və Qurban bayramı münasibəti ilə təbrik edib.
Söhbət zamanı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 640


