Brüsseldə Belçika kralının adından iftar mərasimi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi Belçika Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirakı davam edib.
 Martın 7-də Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbir iştirakçılarının şərəfinə Belçika Kralının adından Böyük İftar süfrəsi təşkil edilib. Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İftar süfrəsində iştirak ediblər. İftar mərasimində çıxış edən QMİ sədri Şeyxülislam A. Paşazadə İslam dünyası üçün müqəddəs aylardan olan Ramazanın İftar süfrəsində iştirak edənlərə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salam-dualarını və Azərbaycan xalqının ən xoş arzularını çatdırmaqdan böyük şərəf duyduğunu bildirib: “Mübarək Ramazanın qardaşlıq süfrəsi ətrafında bir araya gəlməyimiz Uca Allahın Lütfü, Ulu Yaradana xoş gedən əməldir. Heç şübhəsiz ki, Əlahəzrət Kral Filippin alidəyər təşəbbüsü ilə dünya müsəlmanları üçün özəl əhəmiyyət kəsb edən Ramazan süfrəsinin Brüsseldə təşkili yüksək mədəniyyətin əyani təzahürü olan alicənab addımdır və dünyada mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin möhkəmlənməsinə dəyərli və layiqli əməli töhfədir. Bu, bütün dünya liderləri, Avropa siyasi rəhbərləri üçün örnək addım olaraq təqdir olunmalıdır. Ümumən, 2025-ci ilin Belçikada və Avropada İslam Dünyası İlinin elan olunması tarixi önəm kəsb edən mühüm hadisədir. Bununla əlaqədar Kral həzrətlərinə və Belçika xalqına İslam dünyası adından dərin təşəkkürlərimi ifadə etmək istərdim”.
 Şeyxülislam A.Paşazadə əlavə edib ki:“Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində belə bir mötəbər tədbir sivilizasiyalararası dialoq prosesinə mühüm siyasi dəstəkdir. Avropanın siyasi paytaxtı Brüsseldə bu gün müsəlmanlar üçün əziz və müqəddəs sayılan İftar mərasiminin təşkili Avropa üçün başucalığı sayılacaq tarixi hadisədir. Bu, xristian-İslam qarşıdurması yaratmaq istəyən, nifrət çağırışları yayan islamofob qüvvələrə layiqli cavabdır”.
Şeyxülislam A. Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb:“İslam dünyasının ayrılmaz parçası olan, ənənəvi milli və dini dəyərləri ilə yanaşı ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Azərbaycan Avropa ilə əlaqələrinə, Avropa Birliyi ilə münasibətlərinə böyük önəm verir. Vətənim Azərbaycanın malik olduğu dəyərli tolerantlıq, birgəyaşayış təcrübəsinin, multikultural irsinin ümumbəşəri mənafelər naminə Brüsseldə təqdimatını böyük əhəmiyyət kəsb edən məqam kimi dəyərləndirir və qürur duyuruq ki, Avropada İslam İli çərçivəsində ilk mötəbər foruma məhz Azərbaycan təmsilçilərini dəvət etmisiniz. Bu, Azərbaycan dövlətinə, onun multikultural irsinə, birgəyaşayış təcrübəsinə verilən böyük dəyərdir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə Brüsselə də ,hər zaman olduğu kimi, birgə təşrif buyurmuşuq. Etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Ölkəmizdə müxtəlif din ardıcılları dinc yanaşı yaşayıb inkişaf edir, ibadətlərini sərbəst həyata keçirirlər. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”.
Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam A. Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki: “Bu gün işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri aparan Azərbaycan dövləti məhv edilmiş şəhər və kəndlərimizlə yanaşı vandalizmə məruz qalmış bütün dinlərə aid məbədlərini böyük qayğı ilə bərpa edir, yenidən inşa edir. Sizləri qonaqpərvər Azərbaycan torpağına təşrif buyuraraq multikultural həyat tərzimizlə, habelə işğaldan azad olunmuş ərazilərimizlə əyani tanış olmağa dəvət edirəm”.
Sonda Şeyxülislam A. Paşazadə Belçika Kralı Filipp həzrətlərinə Avropada və bütün dünyada insan qardaşlığına, bəşəri həmrəyliyə xidmət edən səylərə ali himayəsinə, İftar tədbirinə görə dərin minnətdarlığını ifadə edib, Azərbaycan dindarları, İslam dünyası adından təşəkkür edib. Ümidvar olduğunu bildirib ki, bu kimi təşəbbüslər davamlı olacaq və beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, inşallah.
                                           QMİ-nin Mətbuat Xidməti
 

Oxunub : 336