Şeyxülislam Allahşükür Paşazadə "Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatında iştirak edib

18.12.2024            
           
Dekabrın 18-də Azərbaycan Milli Kitabxanasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimat mərasimi keçirilib. Tədbirin moderatoru - Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yeni Özbəkistanın qurucusu olan Prezident Şavkat Mirziyoyevin fəaliyyətinin təkcə ölkəmizdə deyil, beynəlxalq ictimaiyyət arasında böyük maraq doğurduğunu qeyd edərək bildirib ki, “Şavkat Mirziyoyev fenomeni” kitabı Azərbaycan ziyalılarının böyük marağına səbəb olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycan və Özbəkistan prezidentlərinin xeyirxah səyləri və zəhmətləri sayəsində Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq əlaqələrinin özünün ən yüksək mərtəbəsinə daxil olduğunu bildirib. Şeyxülislam həzrətlərinin sözlərinə görə, iki qardaş ölkə arasındakı elmi-mədəni əlaqələr tarixi köklərə əsaslanır. Qardaş Özbəkistan öz rəhbəri Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində böyük nəaliyətlər əldə edib. QMİ sədri qeyd edib ki, Şavkat Mirziyoyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dostluğu iki qardaş ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına və inkişafına töhfəsini verməkdədir.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Özbəkistan öz zəngin tarixi və mədəniyyəti, İslam dünyasına bəxş etdiyi din alimləri ilə tanınır. Qardaş özbək xalqının yetirdiyi bu alimlər, din xadimləri, şair və yazıçılar Azərbaycanda da tədqiq olunur. QMİ sədri ölkəmizdə çap olunan “Şavkat Mirziyoyev fenomeni” kitabının da oxucuların marağına səbəb olacağına inandığını ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olmasının hər iki ölkənin ədəbiyyatının inkişafına müsbət təsiri var. 85 illiyində Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla qeyd edən yazıçı bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına diqqətinin nümunəsi kimi qiymətləndirib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Özbəkistanın Əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Xalq şairi, Senat üzvü Mahmud Toir, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin üzvü Cavanşir Paşazadə, “Şavkat Mirziyoyev fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyli, Özbəkistan Senatının üzvü, kitabın özbək dilindəki bədii redaktoru Husan Ermatov çıxış ediblər.
Qeyd edək ki, Qüdrətülla Rəfiqovun müəllifi olduğu bu kitab Azərbaycanın “Təhsil" nəşriyyat evində çap olunub. Kitaba ön sözün müəllifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadədir. Azərbaycan dilində işıq üzü görən nəşrin redaktoru Mustafa Çəmənli və Qulu Kəngərlidir.
Kitab geniş ictimaiyyət nümayəndələri, siyasi elmlər istiqamətindəki ali təhsil müəssisələrinin müəllim-professor heyəti və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu kitab Özbəkistan Prezidentinə COP29 konfransı çərçivəsindəki Azərbaycana səfəri zamanı təqdim edilib.
 

Oxunub : 434