19 YANVAR 2025
Vatikan Dövlətinin nümayəndəsi “Tolerantlıq Evi” ilə tanış olub
16.12.2024
Dekabrın 16-da Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager İçərişəhərdəki “Tolerantlıq Evi”nə baş çəkib.
Qonağı səmimi salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə yeni fəaliyyətə başlayan “Tolerantlıq Evi” barədə məlumat verib. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Şeyxülislam həzrətləri ölkəmizdəki multikultural mühitdən, mədəniyyətlər arasında harmoniyadan danışıb. QMİ sədri bildirib ki, bu məkan Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi töhfələri, ölkəmizdəki tolerantlıq ənənələrini, tarixini və bu gününü özündə əks etdirən unikal bir məkandır.
Vatikan nümayəndəsi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdəki müxtəlif dini konfessiyalara diqqət və qayğısını nümayiş etdirən fotoqalereya ilə tanış olub.
Qonağa müsəlman, xristian və yəhudi dinlərinə aid atributlar, ənənəvi dinlərin müqəddəs kitablarının nadir nüsxələri, dini liderlərin təltif edildikləri dövlət təltifləri, qiymətli hədiyyələr barədə də ətraflı məlumat verilib.
Müqəddəs Taxt-Tacın Xarici Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager “Tolerantlıq Evi” ilə tanışlıqdan məmnun qaldığını bildirib, ziyarətçilər üçün ayrılan kitaba ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Vatikan Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov görüşdə iştirak edib.
Oxunub : 327