Şeyxülislam həzrətlərinin BMT-nin Sivilizasiyalar Alyansında növbəti çıxışı

28.11.2024
 
 Portuqaliyanın Kaşkaiş şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də forumun «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxış edib.
         Şeyxülislam A. Paşazadə bildirib ki, qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada, ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırki dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir: «Sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusilə özəl əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təbirincə desək, sivilizasiyalar və mədəniyyətlərarası dialoq dünyada ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirə layiqdir ki, BMT və onun 20 illik tarixə malik Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daima diqqətdə saxlayır». 
         Şeyxülislam A. Paşazadə daha sonra qeyd edib ki,  müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur: «Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinin təhqir olunması hallarını qətiyyətlə pisləyirik».
         200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyimizi məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini vurğulayan QMİ sədri A.Paşazadə bu gün Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa etdiyini, minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə danışıb. Bildirib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq. Azərbaycanda dəfələrlə səfərdə olmuş cənab Moratinos ölkəmizin sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühit, dinlərarası səmərəli əməkdaşlığın və din-dövlət münasibətlərinin yüksək səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik  Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır.
         BMT İqlim Dəyişikliyi Konfransı - COP 29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitində qəbul edilmiş Bakı Bəyannaməsində dini liderlərin Yaşıl Dünya naminə səylərini uğurla koordinasiya etmək üçün COP nəzdində Məşvərət Şurasının təsis olunmasının təklif olunduğunu xatırladan Şeyxülislam A.Paşazadə, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyinin insanların mənəvi-əxlaqi köklərindən ayrılması olduğuna diqqəti çəkərək, dini liderlərin məşvərət qurumunun təsisi zamanının həqiqətən yetişdiyini bir daha vurğulamışdır: «Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Sivilizasiyalar Alyansı iki onillik zəngin və dəyərli təcrübəsi ilə özünü effektiv dialoq və əməkdaşlıq müstəvisi kimi təsdiq etmişdir. Və biz, dini liderlər Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini ürəkdən təqdir edir, dəstəkləyirik».
        
QMİ-nin Mətbuat Xidməti
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 253