“Azərbaycan COP-29-da mühüm uğur əldə etdi və böyük təcrübə qazandı”

19.11.2024
 
       
 
                          “Azərbaycan COP-29-da mühüm uğur əldə etdi
                                         və böyük təcrübə qazandı”
 
         Noyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
         Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Salim bin Məhəmməd əl-Maliklə ölkəmizdə yenidən görməkdən məmnunluğunu ifadə edib, İSESCO-nun Baş direktoruna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində 5-6 noyabr tarixlərində Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən Sammitin uğurlarından danışan QMİ sədri bildirib ki, tədbirin yekun sənədi kimi qəbul edilən Bakı Bəyannaməsi mühüm əhəmiyyətə malikdir.
         Azərbaycanla ISESCO arasında faydalı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə bu nüfuzlu beynəlxalq qurumun həyata keçirdiyi birgə layihələrin qədim tarixə və ənənəyə söykənən mədəni irsimizin qorunması, inkişafı, eləcə də İslam dünyasında təbliğinə mühüm töhfələr verdiyini bildirib.
         Səmimi qarşılanmaya görə, minnətdarlığını ifadə edən ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri, COP-29 çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. Baş direktor bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi  COP-29 tədbirləri yüksək səviyyədə təşkil olunub, bu sahədə ölkəmiz mühüm uğur əldə edib və böyük təcrübə qazanıb.
         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə COP-29 çərçivəsində
keçirilən görüşü barədə danışan qonaq ölkəmizlə rəhbərlik etdiyi beynəlxalq təşkilatın gələcək əməkdaşlığının davamlı inkişafı ilə bağlı səmərəli müzakirə aparıldığını xüsusi qeyd edib. Baş direktor onu da bildirib ki, bu yaxınlarda Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyeva ilə ISESCO-nun Mərakeşdəki qərargahındakı görüşdə də birgə fəaliyyətin perspektivləri müzakirə olunub.
         Şeyxülislam A.Paşazadə ISESCO Baş direktoruna gələcək işlərində uğurlar arzulayıb. Görüşdə QMİ ilə ISESCO arasında əməkdaşlığın davamlı olması üçün atılacaq addımlar müzakirə olunub, fikir mübadiləsi aparılıb.      
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 262