05 DEKABR 2024
Şeyxülislam Allahşükür Paşazadə Şeyx dr. Əhməd Əl-Tayyib ilə görüşdü
14.11.2024
13 noyabrda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası — COP29-da iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib ilə görüşdü.
Misirin dünya şöhrətli din xadimi ilə baş tutan səmimi görüş zamanı Azərbaycan və Misir arasında dərin tarixi köklərə malik dini-mənəvi əlaqələr barədə danışıldı, inkişaf perspektivləri müzakirə edildi.
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin ünvanına Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyibin göndərdiyi müraciət məktubuna və Misir dövlətinin tədbirdə yüksək səviyyədə təmsil olunmasına görə dərin təşəkkürlərini bildirən Şeyxülislam A.Paşazadə qlobal forumun qəbul etdiyi Bakı Bəyannaməsi və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib, öz növbəsində, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq sahəsində uğurlu təcrübəsinə, gördüyü əhəmiyyətli işlərə böyük dəyər verərək, ölkəmizin bəşəri həmrəylik istiqamətində səylərini yüksək qiymətləndirdi. BMT səviyyəsində belə bir mötəbər forumu yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edən Şeyx Əhməd Əl-Tayyib: “Sizin prezidentiniz öz parlaq çıxışında dünya müsəlmanlarının qəlblərindəki qayğıları və amallarını əks etdirdi. Bir sözlə desəm, o, cəsarətli prezidentdir!” deyərək, Azərbaycan Prezidentinin islam həmrəyliyi yönündə səylərini xüsusi dəyərləndirdi. Həmçinin, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla başa çatması münasibətilə Şeyxülislam A.Paşazadəni təbrik etdi.
Əl-Əzhər Əl-Şərifin Baş İmamı Əhməd Əl-Tayyib region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkdi. Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Əl Tayyib sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü - Şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət etdi.
Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri R. Məmmədov, Misir müftisi Dr. İyad Nəzir və b. iştirak etdilər.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 170