COP29-a dəyərli töhfə

08.11.2024
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, tarix elmləri doktoru, professor Şeyxülislam Allahşükür Paşazadənin və Dünya Fətva Evləri Təşkilatları Baş Katibliyinin Baş katibi, Misir Ərəb Respublikasının Baş Müftisinin müşaviri İbrahim Nəcmin həmmüəllifliyi ilə “Dinlər və ekoetika” kitabı işıq üzü görüb. Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin “Ön sözü” ilə başlayan kitabın redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Katibliyinin rəhbəri Rəhimə Dadaşova, koordinatoru isə Misir Ərəb Respublikası Dünya Fətva Evləri və Təşkilatları Baş Katibinin Xarici Əlaqələr üzrə müşaviri, Dünya Azərbaycanlıları Alimlər Birliyinin həmsədri Seymur Nəsirovdur. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kitab haqqında belə yazır: “Bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadənin həmmüəllifi olduğu “Dinlər və ekoetika” adlı kitabda dinindən, inanclarından, irqindən və milliyətindən asılı olmayaraq fərqli mədəniyyətlərə malik insanların təbiətlə münasibətlərinin etik prinsiplər və mədəni davranış qaydaları əsasında formalaşması xüsusi qeyd olunur”. Nazir vurğulayıb ki, kitab 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində geniş oxucu kütləsi üçün böyük töhfədir. Kitabın müqəddiməsində müqəddəs “Qurani-Kərim”dən surələr və Həzrət Peyğəmbər Məhəmməddən hikmətli kəlamlar yer alıb. Vurğu edilib ki, bütün ilahi dinlər ətraf mühitin müqəddəsliyi və eko-etika məsələlərində insanlar üçün ətraf mühitə qayğı və onun qorunmasında iştirak etməyi tələb edən mükəmməl əxlaqi bir çərçivə təqdim edir. Yeni ekoloji təfəkkür İlahi çağırışlara uyğun qlobal perspektivləri, ətraf mühitə ədalətli yanaşmanı, biomüxtəlifliyin qorunmasını, təbii sərvətlərdən şüurlu istifadəni, qənaəti, bərpaolunan enerjidən istifadəni ehtiva edir ki, bütün bunlar iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınmasına xidmət edir. Eko-etika ekoloji məsələlərin əxlaqi və mənəvi ölçülərinə diqqət çəkərək, davamlı inkişaf və ekoloji ədalət üçün qlobal öhdəliyə çağırır. Qeyd edilib ki, COP29 tədbiri öncəsi Dini liderlərin Bakı Sammiti bəşəri əhəmiyyətli bu prosesə öz dəyərli töhfəsini verəcək və COP29 tədbirinə evsahibliyi edən Azərbaycan Respublikasının bəşəri həmrəyliyə xidmət edən qlobal ideyalarının, Yaşıl Dünya naminə həmrəyliyə dəvət edən təşəbbüslərinin əməli nəticələr verməsi istiqamətində uğurlu əməkdaşlıq nümunəsi olacaqdır.
“Ətraf mühitin müqəddəsliyi: Mənəvi harmoniyadan təbiətlə harmoniyaya” başlıqlı girişdə son dövrlər bəşəriyyətin görülməmiş dərəcədə ciddi ekoloji problemlərlə üz-üzə qaldığı vurğulanıb. Bildirilib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşında ciddi, təcili həll tələb edən vəzifələr qoyur. İki dildə çap kitab olunan kitab “Ekologiyaya dair mənəvi postulatlar”, “İslamda ətraf mühitin müqəddəsliyi. İslam dinin ətraf mühitə dair baxışları”, “Xristianlıqda ətraf mühitin müqəddəsliyi”, “Yəhudilikdə ətraf mühitin müqəddəsliyi”, “Şərq dinlərinin ətraf mühitə dair baxışları”, “Ətraf mühitin mühafizəsində dini, ənənəvi dəyərlərin praktiki rolu”, “Ekoloji terror”, “Texnologiya və innovasiyaların ekoloji problemlərin həllinə töhfəsi. Qadınların rolu”, “İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı dayanıqlılıq: İman əsaslı fəaliyyət planı”, “Azərbaycan: strateji vizyon və qlobal iqlim dəyişmələri probleminin həllinə bəşəri töhfələr” mövzusunda 10 fəsildən ibarətdir.
“Ekoloji terror” fəslində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında işğal dövründə törədilmiş ekosid, urbisid və kultursidin nəticələri beynəlxalq oxucu kütləsinin diqqətinə çatdırılır.

Oxunub : 442