10 NOYABR 2024
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının toplantısı keçirilib
25.10.2024
Oktyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının yığıncağı keçirilib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən toplantıda noyabrın 5-də Bakıda öz işinə başlayacaq Dünya Dini Liderlərinin Qlobal Sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Şeyxülislam həzrətləri çıxış edərək bildirib ki, ölkəmizin ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində Bakıda Dünya Dini Liderlərinin Qlobal Sammitinin keçirilməsi nəzərdə tutulub: “Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin himayəsi altında təşkil edilən bu mötəbər tədbir “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında reallaşacaq. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir. Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonağın iştirakı gözlənilir”.
QMİ sədri bildirib ki, son illər bir çox mühüm və qlobal əhəmiyyətli tədbirlərə, o cümlədən, Dünya Dini Liderlərinin I və II Samitlərinə uğurla ev sahibliyi etmiş ölkəmiz yenidən dini mərkəzlərinin başçılarını, müxtəlif dinləri və konfessiyaları təmsil edən nüfuzlu insanları bir araya gətirir. Dünya Dini Liderlərinin Qlobal Sammiti planetimizin gələcəyi üçün böyük önəm daşıyan bir məsələnin -iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə dini liderlərin real töhfə vermək məramı daşıyır.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların da Qlobal Sammitin işində yaxında iştirak edəcəyinə inandığını bildirib: “Bu tədbirə gələn qonaqlar Azərbaycandakı dini harmoniyanın, dinlər və mədəniyyətlər arasında dialoqun, tolerantlığın yüksək səviyyədə olduğunu bir daha görə biləcəklər”.
Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının yığıncağında Milli Məclisin üzvü, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın da iştirak etməsini dövlətimizin dini sahəyə göstərdiyi diqqətin nümunəsi kimi xarakterizə etdiyini deyən Şeyxülislam həzrətləri deputat Fazil Mustafanı bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa COP-29 ərəfəsində Dünya Dini Liderlərinin Qlobal Sammitinin Bakıda keçirilməsinin mühüm hadisə adlandıraraq bildirib ki, belə bir mötəbər tədbirin uğurla keçməsi ölkəmizdə dini sahədə çaxnaşma salmaq istəyən qüvvələrə, anti-Azərbaycan təbliğatı aparan mərkəzlərə tutarlı bir cavab olacaq.
Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi Dionisi ata çıxış edərək fikirlərini bildirib, Dünya Dini Liderlərinin Qlobal Sammitinin yüksək səviyyədə və səmərəli keçəcəyinə inandıqlarını ifadə ediblər.
Oxunub : 373