Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Portuqaliya və Braziliyaya səfərə yola düşəcək

15.08.2024
 
 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 16-da Portuqaliyaya yola düşür. QMİ sədri A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcəkdir.
Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Braziliyaya səfər edəcəkdir. Səfərdə məqsəd Braziliyanın paytaxtı Brasilia şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.
Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir. “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda Şeyxülislam A.Paşazadə çıxış edəcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların daimi iştirakçısıdır və bugünədək baş tutmuş Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində fəal iştirak və çıxış etmişdir.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 11434