Azərbaycan Prezidentinin məktubunu və maddi yardımı Şeyxülislam həzrətləri İ.Berdiyevin ailəsinə təqdim edib

15.08.2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə avqustun 14-15-də Rusiya Federasiyasında səfərdə olub.
Lermontov adına Mineralnıye Vodı Beynəlxalq Hava Limanında Şeyxülislam həzrətlərini RF Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezov qarşılayıb. Bütün Qafqazın Şeyxülislamı A.Paşazadə kimi nüfuzlu din xadimi ilə hər görüşünün mühüm hadisəyə çevrildiyini deyən R.Temrezov QMİ sədrinin budəfəki gəlişinin kədərli hadisə ilə bağlı olduğundan təəssüfləndiyini dilə gətirib: " Qaraçay-Çərkəz Respublikasının Müftisi, Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyevin vəfatı böyük itkidir. Bilirəm ki, İsmayıl hacının 50 illik dostu, sirdaşı kimi Şeyxülislam həzrətləri üçün də bu günlər çox ağırdır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının İ.Berdiyevin vəfatı ilə bağlı başsağlığı məktubu imzalamasını mərhum müftinin ruhuna böyük ehtiram adlandıran R.Temrezov Qaraçay-Çərkəz Respublikası dindarları, İ.Berdiyevin ailəsi, doğmaları adından minnətdarlığı Azərbaycan dövlətinin başçısına çatdırmağı Şexülislam həzrətlərindən xahiş edib. 
Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycanın dinamik inkişafından, azad edilən ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən fərəhləndiyini xüsisi vurğulayıb. 
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən QMİ sədri, Şeyxülislam A.Paşazadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları İsmayıl Berdiyevin vəfatı ilə bağlı başsağlığı məktubunu mərhumun ailəsinə çatdırmağı ona həvalə edib: "Əziz qardaşım, tələbəlik illərindən tanıdığım, çox çətin və mürəkkəb prosesləri birgə keçdiyimiz İsmayıl hacı Azərbaycan xalqının yaxın dostu, ədalətin, haqqın müdafiəçisi idi. Ermənistanın ölkəmə hərbi təcavüzü davam edən uzun illər ərzində və ərazilərimizin işğaldan azad edilməsi uğrunda başladığımız 44 günlük Vətən savaşında o, Azərbaycan xalqının haqlı mövqeyini daim dəstəklədi. İsmayıl hacının Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsi də xalqlarımız arasında münasibətlərin inkişsfına sanbalı töhfələr verməsinin təzahürü göstəricisi idi".
Bütün Qafqazın Şeyxi Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə İ.Berdiyev arasında olan dostluq münasibətlərindən danışaraq bu əlaqələrin ölkə prezidenti İlham Əliyevin dövründə də davam etdiyini, Bakıya hər gəlişində dövlət başçısı ilə səmimi görüşlərini xatırladıb: "İsmayıl hacı ilə sonuncu görüşümüz bu ilin mayında oldu. O, dəvətimi qəbul edərək Bakıda keçirilən Vl Mədəniyyətlərarası Dialoq Forumuna qatıldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşləri oldu. Qonaqlarla birgə Şuşaya, Xankəndinə, Xocalıya, Füzuliyə birgə səfər etdik. Erməni işğalçılarının dağıtdığı və "Ruhlar şəhəri" adlandırılan Ağdamda olarkən "Cümə" məscidinə ziyarət zamanı təklif etdim ki, namaz qılınarkən imamlığı İsmayıl hacı etsin. Dünyanın müxtəlif ölkələrindən gələn müsəlman din xadimləri məhz İsmayıl hacının imamlığı ilə Ağdam məscidində namaz qıldılar. Bu hadisə onu çox təsirləndirmişdi".
Şeyxülislam həzrətləri İ.Berdiyevin ümumi evimiz Qafqazda sabitlik, dostluq, qardaşlıq, birlik uğrunda saldığı mənəvi körpünün davamlı və güclü olması üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avqustun 15-də Şeyxülislam A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İsmayıl Berdiyevin məzarını ziyarət ediblər. Mərhum Müftinin ruhuna dualar oxunub. 
Sonra İsmayıl hacının ailəsi ziyarət edilib. Əvvəlcə Qurani-Kərim tilavət olunub, mərhumun ruhu ehtiramla yad edilib. 
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin İ.Berdiyevin vəfatı ilə əlaqədar imzaladığı başsağlığı məktubu mərasim iştirakçılarının diqqətinə çatdırıb həmin sənədi və dövlət başçısının adından maddi yardımı mərhumun ailəsinə təqdim edib.
İsmayıl hacının qardaşı Abubəkr Berdiyev çıxış edərək qardaşının xatirəsinə göstərilən diqqət və qayğıya görə ailə üzvlərinin minnətdarlığını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı Şeyxülislam həzrətlərindən xahiş edib. 
Sonra mərhumun ruhuna ehsan verilib, dualar oxunub.
Həmin gün Kislavodsk şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda qurumun gələcək fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə olunub. 
Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə gözlənilən seçkilər haqqında fikir mübadiləsi aparılıb. 
QMİ sədri noyabrda Bakıda keçiriləcək mühüm tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 barədə qurum üzvlərinə məlumat verib, Şimali Qafqaz müftilərini həmin tədbir çərçivəsində reallaşacaq Dini Liderlərin növbəti Bakı Sammitinə dəvət edib.
Çıxış edən müftilər son illər Azərbaycanın mühüm tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladaraq COP-29-un da yüksək səviyyədə keçəcəyinə inandıqlarını bildirib, tədbirin uğurla keçməsi üçün dualar ediblər.
Toplantının sonunda xatirə şəkili çəkilib.
QMİ sədrinin Rusiya Federasiyasına səfəri başa çatıb.

Oxunub : 10478