Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

18.06.2024
İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rus Provaslav Kilsəsinin Azərbaycana yeni təyin etdiyi Yepiskop Aleksiyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycanın multikultural dəyərlərindən, bütün dinlərə və adətlərə bəslədiyi hörmətdən söz açıb: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan multikulturalizmi bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni və daha geniş müstəvidə uğurla davam etdirilir”.
Hər iki dinin nümayəndələri arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən şeyxülislam bu əlaqələrin səmərəli və davamlı olacağına inandığını qeyd edib.
Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.
“Bu gün Şuşada, eləcə də işğaldan azad edilmiş digər ərazilərdəki dini ibadətgahlar təmir və bərpa edilir. Mən istərdim ki, siz o ibadətgahları görəsiniz və xoş hadisələrə bizimlə birgə şahidlik edib sevincimizə şərik olasınız”.
Sonra Yepiskop Aleksiy Azərbaycan xalqının müxtəlif dinlərə qarşı olan tolerantlığından bəhs edərək bu münasibətlərdən məmnunluğunu ifadə edib.
Tədbirdə çıxış edən Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev şeyxülislam Allahşükür Paşazadəni və Yepiskop Aleksiyin fikirlərini təsdiq edərək bu şərait üçün Azərbaycan dövlətinə təşəkkür edib. O bildirib ki, Azərbaycan rəhbərliyinin və şəxsən Şeyxülislamın digər dinlərə qarşı olan diqqət və ehtiramı təqdirəlayiqdir.
 
 
 

Oxunub : 6574