Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAlCIID) Qlobal Forumundakı çıxışı

15.05.2024
 
Uca Yaradanın Adı ilə!
Zati-aliləri!
Zati-müqəddəsləri!
 KAICIID Beynəlxalq Dialoq Mərkəzinin
Baş katibi möhtərəm Zuhair Əlharsi cənabları!
Qlobal Forumun möhtərəm iştirakçıları, dəyərli qonaqlar!
               Hər birinizi dərin ehtiramla salamlayır,  xoş məramlı səy və əməllərimizə Uca Yaradanımızdan rəvac diləyirəm.
 
          Möhtərəm tədbir iştirakçıları! Bəşəriyyətin mənafeyinə xidmət edən səmərəli beynəlxalq platforma olan KAICIID -in 12 illik fəaliyyəti qlobal təhlükələrin, təhdid və problemlərin həllində dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının əməli təzahürünü ehtiva edir. Ulu Rəbbimiz içərimizdə “yaxşılığa çağıran, xeyirli işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir camaat” olmasını bizlərə tövsiyə etmişdir.  “Transformativ Dialoq: Sürətlə Dəyişən Dünyada Sülh naminə Alyansların qurulması” mövzusunda bugünkü görüşümüzdə dini liderlər, siyasi və ictimai xadimlərdən ibarət məhz belə bir cəmiyyət toplanmışdır. Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən, ksenofobiya, dini və etnik dözümsüzlük faktları, nifrət çağırışları qlobal miqyasda artmaqdadır. Dünyanın xilası bəşəri mənafelər naminə bir araya gəlməkdən və etimad mühitinin formalaşdırılmasından keçir. Dinlərarası dialoq və əməkdaşlıq bu baxımdan əvəzolunmaz əhəmiyyət kəsb edir. Bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, G20 Dinlərarası Forumu kimi nüfuzlu beynəlxalq təşkilatların strukturlarında, İqlim Dəyişikliklərinə dair qlobal təşəbbüs - COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.
 
               Hörmətli tədbir iştirakçıları!  Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda şəhər və kəndləri bərpa edir, dağıdılmış məscid və digər dinlərə məxsus məbədləri yenidən inşa edir, insanlarımızın dədə-baba yurdlarına qayıdışı üçün infrastrukturun qurulması prosesində ekoloji tarazlığın bərpası yönündə genişmiqyaslı örnək layihələr gerçəkləşdirir. Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlər, dinlərarası dialoq və əməkdaşlıq proselərinə ali dəstək və himayə göstərir.  Bu yaxınlarda Azərbaycanda 6-cı Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatdı. Forum çərçivəsində Dini liderlərin Bakı görüşü olduqca məhsuldar oldu, Şuşa Bəyannaməsi qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili Yaşıl dünya naminə həmrəylik ili elan etmişdir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı Bakı COP 29 zirvə görüşü böyük əhəmiyyət kəsb edəcəkdir. Bu qlobal tədbir çərçivəsində dünya dini liderlərinin yüksək səviyyəli görüşü baş tutacaqdır, inşallah. Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq dinlərarası dialoqun təşviqi, regionda və bütövlükdə bütün dünyada mötədilliyin, məzhəblərarası və dinlərarası tolerantlığın yayılması yönündə beynəlxalq səylərə öz töhfəsini verməkdədir.
 
        Sülh, birgəyaşayış naminə din və siyasət xadimlərinin müxtəlif platformalarda birgə əməkdaşlığı, cəmiyyətlə sinerji zəruridir. Bu istiqamətdə belə bir mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Portuqaliya Respublikasının Prezidentinə və  KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi möhtərəm Zuhair Əlharsi cənablarına dərin təşəkkürlərimi bildirərək, işlərində onlara uğurlar diləyirəm. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!
 

Oxunub : 5801