Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Dünya İslam Alimlərinin Məşvərət Toplantısındakı çıxışı

Möhtərəm Diyanət İşləri Başkanı dr. Ali Erbaş cənabları!
  Möhtərəm Üləmalar, Müftilər, əziz qardaşlarım,
 hörmətli toplantı iştirakçıları!
                Qardaş Türkiyə torpağında sizlərlə bir araya gələrək Azərbaycan xalqının və Zati-aliləri Prezident İlham Əliyevin salamlarını və xeyir-dualarını mötəbər tədbirin bütün iştirakçılarına yetirməkdən böyük şərəf duyuram.
 
               Sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimiz İslamın məram və amallarını dünya çapında ali səviyyədə təmsil edən Türkiyə dövləti ənənəvi olaraq möhtəşəm tədbir və toplantılara evsahibliyi edir. Ali tədbirin yaratdığı imkandan istifadə edərək, Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan həzrətlərinə xeyir-dualarımı yetirir və cənabının İslam ümmətinin istiqbalı, müsəlman dünyasının şərafəti naminə dəyərli fəaliyyətlərinə Ulu Rəbbimizdən rəvac diləyirəm.
 
    Müqəddəs Qurani-Kərimdə Uca Allah bizlərə buyurur:
أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
 
وَاعْتَصِمُواْ بِحَبْلِ اللهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ ...  (ص)
«Hamılıqla Allahın Nuruna möhkəm yapışın və parçalanmayın...» (Ali-İmran, 103). İlahi nura möhkəm sarıldıqca heç bir qüvvə bizi yenə bilməz. Bununla əlaqədar, İstanbulda ilk dəfə toplanaraq müasir problemləri birlikdə müzakirə etmək fürsətini yaratdığına görə əziz qardaşım, möhtərəm Başkanımız Ali Erbaş cənablarına bütün həmkarlarım adından minnətdarlığımızı bildirməkdən şərəf duyuram.     
 
              Böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır. Bizim vəhdətimizi parçalamaq, dövlətlərimizi zəiflətmək məqsədini güdən bəzi qüvvə və dairələrin mənfur niyyətlərinin qarşısına sipər çəkməyin ən doğru yolu müsəlman ümmətinin birliyi, İslam aləminin həmrəyliyidir. Müasir dünyada baş verən dəhşətli hadisələr dini liderlərin birləşərək sülh naminə birgə mövqedən çıxış etməsini labüd edir. Allahı, Quranı, qibləsi bir olan, ortaq mənəviyyata istinad edən müsəlman ümmətinin dini-mənəvi müstəvidə birliyi beynəlxalq platformalarda nüfuzlu təsisat olaraq qəbul olunmağımızı təmin edəcəkdir, inşallah!
 
               Təbii ki, dünyada cərəyan edən hadisələr bizim hər birimizin narahatlığına səbəb olur. Ksenofobiya, irqçilik təzahürlərinin artması, Yaxın Şərqdə, Ukraynada yaşanan humanitar fəlakət, axan günahsız insan qanları, tüğyan edən beynəlxalq terrorizm, miqrant faciələri — bütün bunlar dünya nizamını pozan, bəşəri təhlükəsizliyə təhdid olan faciəvi hadisələrdir. Dinimiz İslam haqqın, ədalətin müdafiəsini vacib sayır. Bu baxımdan, Fələstinin dinc əhalisinin məşəqqətləri hər birimizi ağrıdır. Həqiqət bundan ibarətdir ki, Fələstin probleminin BMT qərarlarına uyğun ədalətli həlli olmadan Yaxın Şərqdə davamlı sülh və sabitliyin bərqərarı mümkün deyil.
 
      Möhtərəm qardaşlarım! Bildirmək istəyirəm ki, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrıseçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının, o cümlədən, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının və dindən siyasi məqsədlərlə sui-istifadə hallarının qarşısının alınmasında biz birgə səy göstərməliyik. Bu baxımdan, dünya İslam alimlərinin Məşvərət toplantısı ideyasını dəstəkləyir, Uca Allahdan həmd-sənalar diləyirik.
 
               Hörmətli toplantı iştirakçıları! Məlumunuz olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müdrik öndəri - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad etmişdir. İşğal dövründə Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin mədəni və mənəvi irsin məhvi, torpaqların yandırılması, minalanması, ekosid və urbisid siyasəti yeritmişdir. Azərbaycanın Qarabağ torpaqlarında ümumislam əhəmiyyətli mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədilmişdir. Hazırda qalib Azərbaycan dövləti milli-mənəvi abidələrimizi bərpa edir, yenidənqurma işləri həyata keçirir. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi ilə yerlə yeksan edilmiş şəhər və kəndlərimiz yenidən inşa olunur, ən müasir yenidənqurma layihələri həyata keçirilir. Bu yaxınlarda 6-cı Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olmuş dini liderlər azad olunmuş ərazilərimizi ziyarət etmək, 2024-cü ildə İslam dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində dəyirmi masada iştirak imkanına malik oldular. Biz Dini liderlərin Şuşa Bəyannaməsi qəbul edildi.
       Möhtərəm tədbir iştirakçıları! Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslam müqəddəsliklərinə, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliklərə görə öz etiraz səsini ucaldır, milli, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına qarşı qətiyyətli etirazını bəyan edir. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev müqəddəs dinimiz İslamın mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslam həmrəyliyi ideyasını qlobal səviyyədə təşviq edən, İslamofobiyaya qarşı müdrik siyasi liderdir. Bu il Azərbaycan iqlim dəyişikliyinə dair qlobal tədbir olan COP 29-a evsahibliyi edəcəkdir. Bu tədbir çərçivəsində dünya dini liderlərinin növbəti Zirvə görüşü nəzərdə tutulur. Sizlərin - dünyanın tanınmış müsəlman alimlərinin, İslam dünyasının lider şəxsiyyətlərinin dünyanı təhdid edən problemlərin önündə gedən iqlim, ekologiya böhranlarının mənəvi dəyərləndirilməsinə xidmət edəcək bu qlobal Bakı tədbirinə dəstəyi bizim üçün önəmlidir. 
 
             Şükürlər olsun, Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin birgə səyləri ilə xalqlarımızın qardaşlıq münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. Bir millət-iki dövlət olan Azərbaycanla Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf edərək qardaşlıq və müttəfiqliyin Şuşa Bəyannaməsi zirvəsinə yüksəlməsi fəxarət mənbəyimizdir. Bu ali dostluq və qardaşlıq ümumən İslam ümmətinin maraq və mənafelərinə xidmət edir, dünyada türk birliyi və İslam həmrəyliyini möhkəmlədir.
       
              Möhtərəm qardaşlarım! Bizim bu gün İstanbulda xoş məramla ilk görüşümüzün baş tutması böyük nemətdir və bu imkanın yaradılmasında, toplantımızın yüksək səviyyədə təşkil olunmasında böyük əməyi olan möhtərəm qardaşım dr. Ali Erbaşa dərin ehtiramımı, minnətdarlığımı və ən xoş arzularımı yetirirəm. Əminəm ki, bu gün bizlərin dünya müsəlman alimlərinin məşvərət məclisində bir araya gəlməyimiz sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimiz İslamın məramına uyğun olaraq, xalqlarımız və dövlətlərimiz, ümumən müsəlman ümməti üçün xeyirlərə vəsilə olacaqdır, inşallah! Uca Allah dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin, birliyimizi hifz etsin! Amin!

Oxunub : 2669