İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı keçirilib

                    13.05.2024
 
         Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı öz işinə başlayıb. Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə iştirak edir.
          Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradağinin, Əlcəzairin Din İşləri naziri Yusif Belmandinin, Malaziyanın Dini İşlər naziri Dato Naimin,  İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Tahanın, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulının, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdinin, Bosniya və Hersoqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviçin, Bolqarıstanın Baş Müftisi Mustafa Hacının və digər nüfuzlu dini liderlərin, İslam alimlərin çıxışları nəzərdə tutulub.
         Dünyanın müxtəlif ölkələrindən gələn toplantı iştirakçılarını salamlayan Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror hərəkətləri, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi qeyd edib, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da ciddi bir platforma olacağına inamını ifadə edib.
         Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam A.Paşazadə çıxış edərək fikirlərini bölüşüb.
         Şeyxülislam həzrətlərinin çıxışının tam mətni ilə saytımızda tanış ola bilərsiniz.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2546