VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

01.05.2024
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk günün son tədbiri dini liderlərin plenar sessiyası olub.
AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın 38 ölkəsindən və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddizm, hinduizm və digər dinlərin liderləri və nümayəndələri qatılıblar.
BMT Sivilizasiyalar Alyansının nümayəndəsi Nihal Saadın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos əsas məruzə ilə çıxış ediblər.
Allahşükür Paşazadə Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri ideyalar həmrəyliyə, sülhə xidmət edir.
Şeyxülislam vurğulayıb ki, COP tədbirləri çərçivəsində dini liderlərin iştirakı ilə sülh naminə real əməkdaşlıq müstəvisinin təşkili istiqamətində səylər təqdir olunmalıdır.
Radikalizmin mənfi təsirlərindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Bəzi Avropa ölkələrində Quranın yandırılması, məscidlərə hücum və bu kimi digər halları dini dəyərlərə nifrətin nümunələri kimi şiddətlə pisləyirik”.
O, müdrik siyasi xətt yürütdüyünə, dinlərarası həmrəylik və əməkdaşlıq istiqamətində dəyərli və ardıcıl səylərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan dindarları və dini liderlərin plenar sessiyasının iştirakçıları adından təşəkkürünü bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bu mötəbər tədbirə ev sahibliyi üçün Azərbaycana təşəkkürünü ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşündə mühüm mesajlar verdiyini və istiqamət göstərdiyini diqqətə çatdıraraq deyib: “Azərbaycanın dövlət başçısı noyabr ayında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan maksimum istifadə etməlidirlər.
BMT-nin gənclər proqramından danışan ali nümayəndə dini liderləri gənclərlə bağlı layihələrə dəstək verməyə çağırıb.
Sonra çıxış edən Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Avropa Yəhudi Ravvinlər Konfransının prezidentinin Aparat rəhbəri Ravvin Godi Groniç, Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak və digərləri tədbirin təşkilində BMT-nin Sivilizasiyalar Alyansının və ICESCO-nun rolunu və iştirakını yüksək qiymətləndiriblər. Onlar dünya müsəlmanları ilə dialoqun qurulmasının, müsəlman və xristian dinlərindən olan insanların birliyinin əhəmiyyətini qeyd edib, radikalizmin mənfi təsirləri ilə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, dinindən, irqindən asılı olmayaraq bütün insanlar bərabərdir.

Oxunub : 3530