Fauzən Əl Rabiə: Səudiyyə Ərəbistanı Krallığı hər zaman Azərbaycan dövlətinin yanında olub

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiənin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə ölkəmizdə səfərdədir.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə çıxış edən Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının ziyarət üçün gələn insanlara göstərdiyi xidmətin keyfiyyətinin yüksək olduğunu vurğulayıb.
"Səudiyyə Ərəbistanı Azərbaycan üçün qardaş və dost ölkədir. Belə ki, Səudiyyə hər zaman ərazi bütövlüyümüzü və suverenliyimizi və haqq işimizi dəstəkləyib. Siz istər İkinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrdə bizə siyasi və mənəvi dəstək verdiniz. Biz bunu yüksək qiymətləndiririk",- deyə şeyxülislam vurğulayıb.
O əlavə edib ki, torpaqlarımızın azad edilməsində Səudiyyə Azərbaycana böyük dəstək verdi, Ermənistanla münasibətdə öz aydın mövqeyini ortaya qoyub.
Səudiyyə Ərəbistanı ilə əlaqələrimizin daha da inkişaf edəcəyinə inandığını deyən A.Paşazadə bildirib ki, siyasi və dini sahədə olduğu kimi, iqtisadi yöndə də münasibətlərimizi irəli aparmalıyıq.
Səudiyyəli nazir Fauzən Əl Rabiə bu gün Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb: "Görüşümüz çox faydalı oldu. Səudiyyə Ərəbistanı Krallığı hər zaman Azərbaycan dövlətinin yanında olub. Ölkələrimizi dərin əlaqələr birləşdirir”.
Görüşdən sonra Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Keçirilən görüşdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda olan dini konfessiyaların nümayəndələri və ictimai-siyasi xadimlər də iştirak ediblər.
 
 

Oxunub : 5952