Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

 
      
 
Möhtərəm cənab Prezident!
 
  Zati-alilərinizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə təbrik etməkdən şərəf duyur, Uca Allahdan Cənabınıza Azərbaycan naminə misilsiz fəaliyyətinizdə yeni nailiyyətlər və zəfərlər diləyirəm. 
 Sizin Allah-Təalanın Nəzərində və Azərbaycan xalqının qəlbində ucaldığınız zirvə bütün qələbələrizin mənbəyidir. Xalqın müqəddəs arzu və mübarək niyyətlərinin gerçəkləşməsi yolunda dərin zəka və müdrik dövlətçilik təfəkkürü ilə həyata keçirdiyiniz qalibiyyətli siyasi xətt Azərbaycanı bütün istiqamətlər üzrə zirvələrdə bərqərar etmişdir. Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş Cənabınızın Azərbaycan xalqına bəxş etdiyi Qarabağ Zəfəri, Şuşa ərməganı, Xankəndi Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsidir. Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir! Bütün bu uğurlara görə xalq Zati-alilərinizə siyasi lider olaraq verdiyi dəyər, bəslədiyi sədaqət və minnətdarlığını ilk dəfə bütün Azərbaycan ərazisində keçirilmiş Zəfər abı-havalı seçkilərdə bir daha əyani şəkildə bəyan və nümayiş etdirdi.
 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, 20 il ərzində müstəqil Azərbaycanı dünya miqyasında sürətlə inkişaf edən dövlətlər sırasına yüksəldən, iqtisadi qüdrətimizin artmasına aparan siyasətin memarı, milli-mənəvi, dini dəyərlərimizin himayədarı olaraq, qlobal müstəvidə bəşəri əhəmiyyətli ideya və təşəbbüslərin müəllifi kimi dünya miqyasında dövlət başçısı statusunda olan şəxlər sırasında Sizin xüsusi yeriniz və məqamınız danılmazdır. 
 Qədirbilən Azərbaycan xaqlı, o cümlədən, dindarlar Sizin qalib Azərbaycanın qalib lideri olaraq məqamınıza böyük ehtiram duyur və bu seçimlərin də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə olduğuna ürəkdən inanır. Xalq əmindir ki, bu qalibiyyətli yol bizi yeni zirvələrə aparacaq, tarixi əhəmiyyətli hədəflərimizə yetirəcək, beynəlxalq müstəvidə yerimizi daha da möhkəmlədəcəkdir. Ölkəmizin tərəqqi və çiçəklənməsinə xidmət edən, bölgəmizin siyasi gələcəyini formalaşdıran, dünya miqyasında insan həmrəyliyinə xidmət edən ideya və əməllər müəllifinə Uca Allah yardımçı olsun! 
 Möhtərəm cənab Prezident! Sizin qalib Azərbaycanın müasir tarixində yeni mərhələ olan növbəti Prezidentlik dönəminiz xeyirli-uğurlu olsun! Əminəm ki, Cənabınızın yeni dövr üçün yeni milli ideya barədə müdrik fikirləriniz cəmiyyətimizin və dövlətimizin yeni uğurlarının möhkəm zəmini olacaqdır. Tarixi ədaləti, beynəlxalq hüququ öz gücü ilə bərpa etmiş Azərbaycanın yeni hədəfləri mübarək olsun! Öz milli-mənəvi irsinə sahib çıxan, dini abidələrini dövlət qayğı ilə bərpa və yenidən quran, məscid və məbədlər inşa edən, multikultural ənənə və dəyərlərini, etnik, dini müxtəlifliyini göz bəbəyi kimi qoruyan Azərbaycan hər zaman ucalacaqdır, inşallah. Milli dəyər, mənəvi zərurət və tarixi əhəmiyyət kəsb edən bütün hədəf və istiqamətləri ehtiva edən yeni milli ideyamızın Sizin rəhbərliyinizlə ölkəmizi yeni zirvələrə ucaltmağı üçün bütün Azərbaycan dindarları səmimi qəlbdən dualar edir, Uca Allahdan Sizin öndər şəxsiyyət olaraq xalqımız və dövlətçiliyimiz naminə mübarək missiyanızın təntənəsinə rəvac verməsini diləyirlər.
 Zati-aliləri! Azərbaycan Respublikasının Prezidenti məqamında qarşıdakı fəaliyyətinizə Şeyxülislam olaraq xeyir-dualar verir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alilərinizə və dəyərli ailənizə can sağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizə yeni uğurlar diləyirəm. Allah-Təala yeni prezidentlik dönəminizi mübarək, xalqımız üçün xeyirli-uğurlu qərar versin! Uca Rəbbimiz hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Sizi və Azərbaycanı hifz etsin!Amin!
 
Dərin hörmət ehtiramla,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Oxunub : 3340