Şeyxülislam Beynəlxalq İnsan Qardaşlığı gününə həsr olunmuş virtual tədbirdə çıxış edib

           05.02.2024
 
        
         Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının Beynəlxalq İnsan Qardaşlığı günü ilə bağlı təşkil etdiyi virtual tədbirdə iştirak edib.
         Video-konfransın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına təbriki səsləndirilib.
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Angel Moratinosun sədrliyi ilə keçirilən tədbirə onlayn qoşulan Şeyxülislam həzrətləri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salamlarını tədbir iştirakçılarına yetirib, konfransın işinə xeyir-dua verib. Bugünkü virtual görüşün dünyada sülhə, dinlər və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcəyinə inandığını bildirib.
         QMİ sədri 2019-cu il, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin  Əbu-Dabi şəhərində Roma Papası Fransisklə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib arasında imzalanan “İnsan Qardaşlığı, Dünyada Sülh və Birgəyaşayış”
Sənədini tarixi hadisə kimi xarakterizə edib. Bildirib ki, bəşəriyyətə təhdid olan böhranların dərinləşməsi beynəlxalq hüququn prinsip və normalarına riayət olunmaması üzündən baş verir. Ümumbəşəri mənəvi prinsiplərin bərqərar olması naminə, ksenofobiya və nifrətə çağırış və digər təhdidlərin qarşısının alınması üçün tərəqqipərvər insanların həmrəyliyinə ciddi ehtiyac var. Bu gün demokratiya və söz azadlığı pərdəsi altında dini hisslərin, rəmz və müqəddəsliklərin təhqir olunmasının qarşısı alınmalı, bunun üçün zəruri addımlar atılmalıdır.
         Şeyxülislam Allahşükür Paşazadə son zamanlar erməni təbliğatının ruporuna çevrilmiş bəzi dairələrin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına toxunaraq Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlərin yalan, iftira olduğunu, heç bir fakta söykənmədiyini diqqətə çatdırıb. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük quruculuq işləri barədə danışıb, erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı kilsə və sinaqoqların təmir-bərpa olunduğunu bildirib.
         Fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə toxunan Şeyxülislam həzrətləri bu tədbiri ölkəmizin tarixində mühüm hadisə kimi xarakterizə edərək vurğulayıb ki, seçkilər öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun dünya birliyi tərəfindən tanınan bütün ərazilərində keçiriləcək.
               Tədbirdə müxtəlif dövlətlərin BMT yanında daimi nümayəndələri, o cümlədən, Səudiyyə Ərəbistanı Krallığının təmsilçisi  Əbdüləziz əl-Vasil, Mərakeş Krallığının daimi nümayəndəsi Ömər Qadiri, Ərəb Dövlətləri Liqasının nümayəndəsi Əbdülməcid Əbdülfəttah, Misir Ərəb Respublikasının nümayəndəsi Osama Əbdülxaliq, Pakistan İslam Respublikasının təmsilçisi Osman Jadun, Vatikan Dövlətinin nunsisi arxiyepiskop Qabriel Cordano, İspaniyanın daimi nümayəndəsi Hektor Hernandes, Kabo-Verdi Respublikasının təmsilçisi Tanya Romialdo və başqaları çıxış edərək fikirlərini bildiriblər.
               
 
 
 

Oxunub : 3649