“Dostların mənəvi dəstəyi hər zaman önəmlidir”

 
 
         “Qardaş Özbəkistan nümayəndələrinin belə geniş və nüfuzlu tərkibdə ölkəmizə səfəri iki dost və qardaş dövlətlər arasında əlaqələrin yüksək səviyyədə olduğunun daha bir göstəricisidir. Tarixi köklər, ortaq dini-mədəni dəyərlər üzərində formalaşan bu münasibətlərin davamlı inkişafı və xalqlarımızın rifahı üçün Allah-Təalaya dualar edirəm. Qonaqların mühüm bir hadisə-seçilər ərəfəsində təşrif buyurmaları xüsusi ilə əlamətdardır”. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən deyib.
         Şeyxülislam həzrətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında səmimi dostluğa və qarşılıqlı etimada söykənən münasibətlərin dövlətlərimizin tərəqqisinə vəsilə olacağına inandığını bildirib. Azərbaycanın haqlı mövqeyini beynəlxalq müstəvidə daim dəstəklədiyinə görə Özbəkistan dövlətinə minnətdarlığını bildirən QMİ sədri Qarabağ zəfərindən sonra erməni işğalından azad edilən Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbinin inşasını və açılış mərasimində Özbəkistan dövlət başçısının şəxsən iştirak etməsini qardaş özbək xalqının mənəvi dəstəyi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan xalqı üçün dostların mənəvi dəstəyi hər zaman qiymətlidir.  
         Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Şeyxülislam Allahşükür Paşazadə bu sahədə atılan addımlardan, həyata keçirilən işlərdən danışıb, Azərbaycanın dünyada dinlər, məzhəblər və mədəniyyətlərarası dialoqa çox mühüm töhfələr verdiyini qeyd edib. QMİ ilə Özbəkistan Müsəlmanları İdarəsi arasında əlaqələrin səviyyəsindən razılığını bildirib, son illər bu münasibətlərin daha bir ciddi platformada-Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasında davam etdiyini vurğulayıb, bu qurumun xətti ilə mühüm addımlar atıldığını deyib.
           Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidov səmimi görüş üçün minnətdarlığını bildirib, ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsini, siyasi, iqtisadi, o cümlədən, dini dözümlülük və multikulturalizm sahəsində qazandığı uğurları özbək xalqı sevinc və qürur hissi ilə izləyir.
         Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda nümayəndə heyətinin şərəfinə ziyafət verilib. 
         Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası dostluq qrupunun üzvləri,  Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 

Oxunub : 5692