05 DEKABR 2024
Gürcüstan Ali Dini Şurasının sədri: Dost ölkələrimizin dindarları arasında əlaqələrin daha da inkişafında maraqlıyıq
Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali Dini Şurasının sədri Şeyx Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şeyxülislam Allahşükür Paşazadə Faiq Nəbiyevi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona xeyir-dualarını çatdırıb.
A.Paşazadə Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq əsasında formalaşdığını vurğulayaraq, bu gün bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
QMİ-nin Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətə saxladığını bildirən şeyxülislam onların ibadətlərini və dini ayinlərini rahat şəkildə həyata keçirmək üçün kitabların çap olunduğunu deyib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyinə ümidvarlığını bildirib. "İstəyirik ki, Gürcüstandakı azərbaycanlılar xoşbəxt, firavan yaşasınlar və iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafına töhfə versinlər", - deyə şeyxülislam diqqətə çatdırıb.
Azərbaycanda multikulturalizmin bütün sahələrdə inkişaf etdiyini vurğulayan şeyxülislam deyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq və multikulturalizm siyasəti bu gün Azərbaycanda yüksək səviyyədə həyata keçirilir.
Şeyx Faiq Nəbiyev dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etməsi münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O, işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarına səfər etməyi çoxdan arzuladığını, yanvarın 19-da Ağdama və Şuşaya getməklə bu arzusuna çatacağını bildirib.
Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri kimi ilk xarici səfərini məhz Azərbaycana həyata keçirdiyini deyən Faiq Nəbiyev bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkədə yaşayan dindarlar arasında əlaqələrin daha da inkişafında maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır.
Söhbət zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qonaqların şərəfinə ziyafət verilib.
Oxunub : 5789