Şeyxülislam həzrətləri Səbahəddin Zaim Universitetinin dekanı ilə görüşdü

11.01.2024
 
 
        Yanvarın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin nüfuzlu din alimlərindən biri, Səbahəddin Zaim Universitetinin dekanı, professor Həsən Kamil Yılmazı qəbul edib.
        Səmimi şəraitdə keçən görüşdə Şeyxülislam həzrətləri qonaqla əvvəlki görüşlərini məmnunluqla xatırladığını qeyd edərək onun elmi-dini fəaliyyətini diqqətlə izlədiyini bildirib.
        QMİ sədri Azərbaycanda din-dövlət əlaqələrinin, dinlər və məzhəblər arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bu sahənin inkişafı üçün görülən işlərdən danışıb. Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı (TDT) Dini Liderlərinin ötən ilin noyabrında Özbəkistanda keçirilən toplantısı, qəbul olunun qərarlar barədə məlumat verib. QMİ sədri 44 günlük Vətən savaşından sonra işğaldan azad edilən ərazilərdə dövlətimizin apardığı geniş miqyaslı quruculuq işləri çərçivəsində məscid və məbədlərin, digər maddi-mədəniyyət nümunələrinin bərpası barədə qonağa ətraflı məlumat verib.
        Xoş qarşılanmaya görə təşəkkür edən professor Həsən Kamil Yılmaz təkcə Qafqazda deyil, bütün dünyada nüfuzlu dini lider kimi hörmət qazanmış Şeyxülislam Allahşükür Paşazadə ilə yenidən görüşmək fürsəti qazandığından məmnunluğunu dilə gətirib. Türkiyəli alim Azərbaycanda keçirdiyi görüşlər barədə QMİ sədrinə məlumat verib. İkinci Qarabağ savaşında tarixi qələbə və dövlət suverenliyin tam bərpası münasibəti ilə xalqımızı təbriklərini yetirən Həsən Kamil Yılmaz bölgələrimizə səfəri çərçivəsində şəhid ailələrini ziyarət etdiyini diqqətə çatdırıb. 
        Görüş zamanı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 

Oxunub : 2703