Qubada “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı konfrans

Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, yerli icra strukturlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri və din xadimləri iştirak edib.
Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunub.  Konfrans iştirakçıları QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı qısametrajlı filmə tamaşa ediblər.
Tədbiri giriş sözü ilə açan bölgə qazısı Naib Səttarov çıxışında bildirib ki, Ulu Öndərin milli-mənəvi dəyərlərimizə olan qayğısı hələ sovetlər dönəmindən başlamışdır. Dahi şəxsiyyət müqəddəs dinimizə, adət-ənənəmizə hörmətlə yanaşmış, bu sahəni şəxsən diqqətdə saxlamışdır. Ümummilli Lider bu məsələlərə toxunaraq qeyd edirdi ki, milli-mənəvi dəyərlərimiz xalqımızın milli sərvətidir, onu yaşatmaq, gələcək nəslə çatdırmaq hər bir şəxsin həm də vətəndaşlıq borcudur. Natiq çıxışı zamanı bildirib ki, Ulu öndərin dinə diqqət və qayğısı respublikamızın müstəqillik illərində daha da geniş vüsət almağa başladı.  Müstəqillik əldə olunan zaman ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün məscidlərimizin sayı 2000-dən çoxdur.
N. Səttarov daha sonra qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizdəki tolerantlıq mühitini xüsusi olaraq vurğulayırdı. Bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması birbaşa Ulu Öndərin əməyinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması onun uzaqgörən siyasətinin nümunəsidir. Bu gün rayonumuzda yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələri heç bir ayrı-seçkilik görmədən adət-ənənələrini rahat formada yaşadırlar.
Konfransda çıxış edən QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov tədbir iştirakçılarına QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salamlarını çatdırıb. Sədr müavini çıxışında bildirib ki, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də milli-mənəvi irsi, məfkurəsi və düşüncə sistemi təşkil edir. Müasir dövrdə xalqımızın tarixi yetkinləşmə və təkamül prosesinin əsasını Ulu öndərin yaratdığı Azərbaycançılıq məfkurəsi təşkil edir.
Sədr müavini qeyd edib ki, Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövründə muxtar respublikanın həm sosial-iqtisadi, həm də siyasi cəhətdən inkişaf etdirilməsi əsas vəzifə olmuşdur. 1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən gəlişindən sonra kompleks tədbirlər həyata keçirən Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə də xüsusi diqqət ayırmışdır. Bunu dahi rəhbərin mənəvi tərbiyə ilə bağlı ifadə etdiyi fikirində daha dolğun görürük: “Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən ‒ bugünkü və gələcək təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.”
Konfransda  Quba RİH-nin məsul əməkdaşı Anar Məmmədov, Xaçmaz RİH-nin məsul əməkdaşı Ceyhun Musayev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, DQİDK-nin Quba bölgəsi üzrə şöbənin müdir müavini Elnur Ağasıyev, Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndələri Yaşar Rzayev, Mirələsgər Mirməhəmmədov, Fəryəddin Rəhimxanov, Anar Eyyubov və başqaları çıxış ediblər.  Natiqlər çıxışlarında qeyd ediblər ki, Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasi kurs müdrik dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqli formada davam və inkişaf etdirilir.
Tədbirin sonunda Naib Səttarov konfransın təşkilində göstərdiyi köməkliyə görə Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudova bölgə dindarları adından təşəkkür edib.

Oxunub : 4908