Kürdəmirdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans

 
Dekabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, yerli icra strukturlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbənin əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri və din xadimləri iştirak edib.
Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı qısametrajlı film nümayiş etdirilib.
Konfransda çıxış edən Kürdəmir RİH-nin başçısı Elxan İbrahimov Ulu Öndərin misilsiz xidmətlərindən danışaraq bildirdi ki, ölkəmizin inkişafı, dünya çapında tanınması,  ordumuzun güclənməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyi dövründə vətəndaş müharibəsinə olunan cəhdlərə, dini ayrı seçkiliyə aparan qarışıqlığa son qoyuldu. Ölkədə dini dəyərlərin təbliği üçün münbit şərait yaradıldı, məscidlər təmir və bərpa edilərək xalqın istifadəsinə verildi.
E. İbrahimov çıxışında Ulu Öndərin əsasını qoyduğu siyasi kursun onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Ulu Öndərin siyasi kursunun bütün hədəfləri bir-bir reallığa qovuşur. Prezident cənab İlham Əliyev Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut etdi ki, Ulu öndərin Azərbaycançılıq məfkurəsi sayəsində biz bütöv bir xalqıq və torpaqlarımıza göz dikənlərə dəmir yumruq kimi gücümüzü göstərməyə hazırıq.
QMİ Qazılar Şurasının üzvü Füzuli Cəfərov çıxış edərək Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını konfrans iştirakçılarına çatdırıb. Çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə daim qayğı göstərirdi. Ulu Öndər xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsiplərinin qorunmasının əhəmiyyətini xüsusi vurğulayırdı: “… Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq, xalqımızı əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Fenomen şəxsiyyət Heydər Əliyevin kəlamları ilə idarəçiliyi daim eyniyyət təşkil edirdi. Bu baxımdan “…Fəxr edirəm ki, mən azərbaycanlıyam!” - deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizi, adət-ənənələrimizi himayə edirdi.
QMİ Qazılar Şurasının üzvü F.Cəfərov qeyd edib ki, Ulu Öndərin miras qoyduğu dəyərli irs onun layiqli davamçısı, dünya səviyyəli siyasətçi cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bu da bütün dindarlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Konfransda DQİDK-nın Göyçay bölgəsi üzrə şöbə müdiri İlham Qəribov, Kürdəmir rayon Təhsil sektorunun müdiri Rəfail Məmmədov, şəhid anası Müşkünaz Əliyeva və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, ölkəmizin müstəqillik illərində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər, habelə milli-mənəvi dəyərlərmizə, dini-tarixi abidələrə dövlət səviyyəsində olan qayğı Ümummilli Lider Heydər Əliyev siyasətinin nəticəsidir.
Tədbirin sonunda Füzuli Cəfərov konfransın təşkilində göstərdiyi köməkliyə görə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimova dindarlar adından təşəkkür edib.
 
 
 
 
 

Oxunub : 5564