Goranboyda Ulu Öndər Heydər Əliyevlə bağlı konfrans keçirilib

 
Dekabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin Goranboy rayonu üzrə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, yerli icra strukturlarının rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri və din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət ediblər.
 Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Konfrans iştirakçılarına QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı qısametrajlı film nümayiş etdirilib.
Konfransda çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasına,  mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını, eyni zamanda, gənclərimizi milli-mənəvi dəyərlər və əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etdiyini vurğulamışdır.  Natiq qeyd etmişdir ki, Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “...Biz öz milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. M.Quliyev çıxışı zamanı bildirib ki, Ulu Öndərin ideyaları bu gün də yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən QMİ Qazılar Şurasının üzvü Anar Orucov Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını konfrans iştirakçılarına çatdırıb. A.Orucov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz dövlətin qayğısı, himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli birliyimizin gücü Vətən müharibəsində tarixi Zəfərimizin qazanılmasında özünü göstərdi. Ümummilli Liderin  fikrincə, xalqın dəyərləri milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.
QMİ-nin qazısı çıxışı zamanı bildirib ki, bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident cənab İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır.
Konfransda DQİDK-nın Gəncə bölgəsi üzrə şöbənin müdiri Həsən Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov və başqaları çıxış ediblər.  Natiqlər çıxışlarında qeyd ediblər ki,  Ümummilli liderimizin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə Ulu öndərin ideyalarını meyar kimi görən dövlət başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Tədbirin sonunda Anar Orucov konfransın təşkilində göstərdiyi köməkliyə görə Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevə dindarlar adından təşəkkür edib.
 

Oxunub : 6234