Ağdaşda Ulu öndərlə bağlı konfrans keçirildi

 
Qafqaz Müsəlmanları İdarəsinin Ağdaş  bölgə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
 6 dekabr tarixində Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yerli icra strukturlarının rəhbərləri, din xadimləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Konfransda Dövlət Himni səsləndirilib.  Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunub.  QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı qısametrajlı film nümayiş etdirilib.
Ağdaş bölgə qazısı Əli Məmmədov QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. Ə.Məmmədov bildirib ki, Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi siyasətinin banisi kimi ilk növbədə Ulu öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq, milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli lider bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz bu dövrdən başlayaraq ibadət yerləri inşa və ya bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır.
Əli Məmmədov çıxışı zamanı qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Azərbaycan ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini möhkəm milli-mənəvi təməllər üzərində qurur. Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik, azərbaycançılıq ideyalarının geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.
Konfransda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsinin Ağdaş rayonu üzrə nümayəndəsi Asif Ədilov,  QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, şəhid valideynləri Ayaz Vəliyev,  Nübar Məmmədova və digər natiqlər çıxış ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, milli şüurun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Milli-mənəvi dəyərləri şərtləndirən dil, din və adət-ənənələr onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə milli-mənəvi dəyərlərə münasibət bu prinsiplər üzərində qurulmuş, inkişaf etdirilmiş və sağlam zəmində dövlət-din münasibətləri yaranmışdır.
Tədbirin sonunda Əli Məmmədov konfransın təşkilində göstərdiyi köməkliyə görə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimova bölgə dindarları adından təşəkkür edib.

Oxunub : 4390