Salyanda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans

 
6 Dekabr 2023-cü il tarixində Qafqaz Müsəlmanları İdarəsinin Salyan  bölgə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Konfransda Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP rayon təşkilatının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin işçiləri, Salyan “Ziyalılar Birliyinin” nümayəndələri, Ağsaqqalar Şurasının sədri, şəhid ailələri, Qarabağ qaziləri və bölgədə fəaliyyət göstərən din xadimləri iştirak ediblər.
Konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət ediblər. Salyan Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan bölgə qazısı Hüsnü Həsənov QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb. H.Həsənov bildirib ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli çağırışları ilə yenidən hakimiyyətə qayıdışı zaman baxımından cəmiyyətdə mürəkkəb və ziddiyyətli proseslərin getdiyi vaxtlara təsadüf edirdi. Bu cür çətin şəraiti yüksək dövlətçilik təcrübəsi olan bir şəxs düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində prosesləri inzibatçılığa yol vermədən, beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. Bu asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi.
Ümummilli lider məscidlərə gedir, dini münasibətlərlə bağlı keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin dini sahədəki siyasətinin strateji xəttini özü şəxsən izah edirdi.
Natiq çıxışını Ümummilli liderin “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır” fikirləri ilə tamamlamışdır.
Konfransda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov, YAP rayon təşkilatının sədr müavini Aqşin Babayev, rayon “Ziyalılar Birliyinin” sədri Allehverdi Piriyev və adı çəkilən Birliyin üzvü Məhəmməd Ağayev,  rayon ağsaqqallar Şurasının sədri Beydulla İmanov və QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev çıxış etmişlər. Natiqlər çıxışlarında müasir Azərbaycanın memarı və qurucusu, böyük siyasətçi, Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Ulu Öndər Heydər Əliyev haqqında geniş nitq söyləmişlər. Qeyd etmişlər ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Hüsnü Həsənov konfransın təşkilində göstərdiyi köməkliyə görə Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmova bölgə dindarları adından təşəkkür edib.

Oxunub : 2312