Sumqayıtda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

 
 
5 Dekabr 2023-cü il tarixində Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt  bölgə qazılığının təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgə üzrə şöbə müdiri Yalçın Abdulla, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar şəhid ailələri, Qarabağ qaziləri və din xadimləri iştirak ediblər.
 Sumqayıt şəhər Tarix Muzeyində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt üzrə bölgə qazısı Rauf Sərdarov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki yeri, geniş miqyaslı fəaliyyəti, dini dəyərlərimizin qorunması və inkişafı sahəsindəki xidmətləri barədə çıxış edib. Qazı bildirib ki, dinə qarşı qadağaların qoyulduğu sovetlər dönəmində də Heydər Əliyev İslama, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bağlı olub: “Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk rəsmi ziyarət etdiyi məkan Təzəpir məscidi olub,  dindarla qarşısındakı çıxışında hamını Allah yolunda bir olmağa səsləyib. Ulu Öndərin sərəncamları ilə dini abidələrimiz, məscid və ziyarətgahlarımız bərpa olunub”.
Rauf Sərdarov qeyd edib ki, Ümummilli Liderin başladığı xeyirxah işləri ölkə başçısı möhtərəm İlham Əliyev uğurla davam etdirir: “Prezidentimizin Sumqayıt şəhər “Cümə” məscidinin təmir-bərpa işləri ilə yaxından tanış olmasını, məscidin açılışında şəxsən iştirak etməsini şəhərimizin dindarları fəxarət hissi ilə xatırlayırlar. İşğaldan azad edilən şəhər və kəndlərimizdə məscidlərin, ziyarətgahların, digər dinlərə aid ibadət ocaqlarının bərpa edilməsi bir daha göstərir ki, Ulu Öndərin arzuları həyata keçir”.
Qazı bildirib ki, bütün xalqımız kimi, bölgə dindarları da Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək din-dövlət münasibətlərinin inkişafına öz töhfələrini verirlər. 
QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salam-dualarını konfrans iştirakçılarına yetirib. Çıxışında bildirib ki, İslam dinin buyurduqlarına əməl etmək, milli-mənəvi dəyərlərimizə hörmət bəsləmək və daim gəncləri də bu ruhda yetişdirmək Ulu Öndərin həyat amalı olub: “Böyük şəxsiyyət xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirərək bizi parçalanmaqdan, vətəndaş qarşıdurmasından qorudu. Bu gün xalqımız Heydər Əliyevin görmək istədiyi sabit, qüdrətli və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda yaşayır. Ümummilli Liderin bu arzularını isə onun davamçısı Ali Baş Komadan İlham Əliyev reallığa çevirib”.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgə üzrə şöbə müdiri Yalçın Abdulla, Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Sumqayıt Yəhudiləri Dini icmasının ravvini Melaxim Mendel, Sumqayıt şəhər Sarovlu Serafim məbədinin keşişi İerey Rostislav, Qubadlı rayon YAP-ın sədri Təhmasib Rüstəmov, tanınmış həkim-psixiatr Mail Tağıyev, Qubadlı rayonundan olan din xadimi Müntəxab Mirsədizadə və digər natiqlər çıxış etmişdir. Natiqlər çıxışlarında Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs etmişlər. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs etmişlər. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, dünya miqyaslı siyasətçi cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan danışmış, əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi kontekstindəki fəaliyyətinin xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılandığını vurğulamışdır.
Tədbirin sonunda Rauf Sərdarov konfransın təşkilində göstərdiyi köməkliyə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcova bölgə dindarları adından təşəkkür edib.

Oxunub : 1064