Gəncədə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz”  mövzusunda konfrans keçirilib

 
 
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində QMİ-nin Gəncə bölgə qazılığının təşkilatçılığı ilə dekabrın 5-də Gəncə “İmamzadə” ziyarətgah kompleksində “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
         Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Yəhudi Dini İcmasının sədri Arif Babayev, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi, varfolomey Denis Sotnikov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
         Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı qısametrajlı film nümayiş etdirilib.
Konfransda açılış nitqini edən QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin səmimi salamlarını, xeyir-dualarını tədbir iştirakçılarına çatdırıb. 100 illiyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, dini dəyərlərimizin qorunması və inkişafı sahəsindəki xidmətləri barədə danışıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət yetirdiyini bildirib.
Dahi şəxsiyyətin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlərin mürəkkəb daxili struktura malik olduğunu vurğulayan natiq, Ulu öndər Heydər Əliyevin özü bunu - dil, din, adət-ənənə kimi üç tərkibi hissədən ibarət olduğunu xarakterizə etdiyini deyib.
Hacı Tahir Abbasov çıxışı zamanı bildirib ki, bu ali məqsədə xidmət göstərən ənənə bu gün də layiqli formada Ulu öndərin davamçısı, müdrik rəhbər Prezident cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. 17 fevral 2016-cı ildə Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yerindəcə tanış olan Prezident cənab İlham Əliyev açılış nitqində bildirmişdir: “Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir.”
Ulu öndərin  layiqli davamçısı, müzəffər Ali Baş Komandanın səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizə sadiqdir, dini-tarixi abidələr dövlət səviyyəsində mühafizə edilir. İşğaldan azad edilmiş ərazilərdə ilk olaraq məscid, kilsə və etno-mental dəyərləri özündə tərənnüm edən bütün dini-tarixi abidələrin, ziyarətgahların təmir-bərpa işlərinə başlanılması xalqa sədaqətin, onun milli-mənəvi irsinə dərin ehtiramın nümunəsidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqı olduqca zəngin milli-mənəvi dəyərlərə sahibdir. Xalqımız tarixin ən çətin dövrlərində belə, bu dəyərlərə sahib çıxıb, onu qoruyub, gələcək nəsillərə ötürüb. Ümummullu Lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərinimizin qorunması, adət-ənənələrimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Bu gün də hər birimizin vəzifəsi, Ulu Öndərin dediyi kimi, Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaqdır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında respublikada mövcud olan milli-mənəvi mühitdən əhatəli bəhs edərək bildirmişdir ki, hazırda ölkəmizdə mövcud olan dərin və mükəmməl ideoloji sistemin banisi Ulu öndər Heydər Əliyev, bütün bunları reallığa qovuşduran isə dünya miqyaslı siyasətçi, müdrik dövlət başçısı Prezident cənab İlham Əliyevdir.
Konfransda iştirak edən digər natiqlər çıxışlarında Ulu öndərin sayəsində  xalqımızın milli və dini bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu,  milli-mənəvi dəyərlərimizin qorunması işinə dövlət tərəfindən ciddi qayğı göstərildiyini qeyd etmişlər.
          Tədbirin sonunda bölgə qazısı Hacı Tahir Abbasov konfransın işinə göstərdiyi köməyə və verdiyi dəstəyə görə Gəncə şəhər İH-in başçısı Niyazi Bayramova bölgə dindarları adından təşəkkür edib.  

Oxunub : 683