Lənkəranda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans

     
 
 
  Noyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgə Qazılığının təşkilatçılığı ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, bölgə dindarları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran  şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb. Tədbirdə QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı video-çarx nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti, dini dəyərlərimizin qorunması və inkişafı sahəsindəki xidmətləri barədə çıxış edən QMİ-nin Lənkəran bölgəsi üzrə Qazısı Qəni Axundzadə bildirib ki, müstəqil və yeni Azərbaycanın memarı kimi Ümummilli Liderin irsi daim araşdırılacaq: “Torpaqları işğal olunanda, vətəndaş müharibəsi ilə üz-üzə qalanda, separatçılar tərəfindən bölünməyə cəhd göstəriləndə xalq məhz nicatını Heydər Əliyevdə gördü və bu nəhəng siyasi xadimi yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndər də müdrikliyi, qətiyyəti sayəsində ölkəmizi bu bəlalardan xilas etdi, xalqı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Təsadüfi deyil ki, Məhəmməd əleyhis-salamın Mövludu günündə Təzəpir məscidini ziyarət edən Ümummilli Lider dindarlar qarşısındakı tarixi çıxışında “Hamımız Allahın yolunda bir olaq” - deyərək xalqı birliyə səslədi. Xalqımızın İslam dininə, qədim adət-ənənələrinə ehtiram Ulu Öndərin həyat amalı idi. O, hər görüşündə, çıxışlarında gənclərimizə dini, milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməyi tövsiyə edirdi”.
QMİ sədrinin müavini Fuad Nurullayev  Şeyxülislam Allahşükür Paşazadənin salamlarını və xeyir-dualarını konfrans iştirakçılarına yetirib. Sədr müavini qeyd edib ki, Azərbaycan Prezidenti, görkəmli siyasi xadim cənab İlham Əliyevin qətiyyəti sayəsində Ümummilli Lider Heydər Əliyevin arzuları reallığa çevrilib: “Bu gün Azərbaycanın hər guşəsində, o cümlədən, erməni işğalından azad edilən ərazilərimizdə məscidlərdən azan səsləri ucalır, dağıdılan dini abidələr, ziyarətgahlar bərpa edilir”.  Natiq çıxışında daha sonra vurğuladı ki, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, müdrik dövlət başçısı, polad iradəli Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nurlu gələcəyə doğru inamla addımlayır.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Cavad Miriyev, rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, “Lənkəran” qəzetinin redaktoru Əlimərdan Əliyev, Lənkəran Dövlət Universitetinin prorektoru, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, Lənkəran rayon Təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli  və digər natiqlər çıxış edərək, Ulu öndərin Azərbaycan tarixinin ən uca zirvəsində qərar tutduğu, milli-mənəvi dəyərlərin hamisi olduğu, müəllifi olduğu Azərbaycançılıq məfkurəsi ətrafında xalqı birləşdirdiyi və güclü Müstəqil Azərbaycan yaratması məzmununda fikirlərini bölüşüblər.   
Tədbirin sonunda Qəni Axundzadə konfransın təşkilində göstərdiyi köməkliyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova dindarlar adından minnətdarlığını bildirib.     
 
 

Oxunub : 2047