Şamaxıda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

               
 
         Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində QMİ-nin Şamaxı bölgə Qazılığının təşkilatçılığı ilə noyabrın 28-də Şamaxı “Cümə” məscidində “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz”  mövzusunda konfrans keçirilib.
         Konfransda Şamaxı və Qobustan rayon icra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, bölgə dindarları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
         Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılan abidəsini ziyarət edərək ruhuna dualar oxuyublar. “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfrans Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Qurani-Kərimdən ayələr oxunub. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılıb.
Tədbirdə QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda video-çarx nümayiş etdirilib.
QMİ-nin Şamaxı-Qobustan bölgəsi üzrə Qazısı Mərəhmət Mustafayev çıxış edərək 100 illiyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, dini dəyərlərimizin qorunması və inkişafı sahəsindəki xidmətləri barədə danışıb: “Xalqının milli-mənəvi dəyərlərinə dərin ehtiram Ümummilli Lider Heydər Əliyevin həyat amalı idi. “Heç vaxt imanımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” - sözləri onun bu məsələyə necə həssas yanaşdığını göstərirdi. Bu dahi şəxsiyyətin başladığı yol uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində qayğı bütün ölkədə olduğu kimi, bölgəmizdə də uğurla həyata keçməkdədir. Bu konfransın keçirildiyi qədim tarixə malik “Cümə” məscid-kompleksinin, Dəmirçi məscidinin və Pirsaat ziyarətgah-kompleksinin təmir-bərpasını dindarlarımız yüksək qiymətləndirir, həm ölkə prezidenti İlham Əliyev cənablarına, həm də birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər”.
         QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov tədbir iştirakçılarına Şeyxülislam Allahşükür Paşazadənin salamlarını və xeyir-dualarını çatdırıb, ölkəmizdə din-dövlət münasibətlərinin formalaşmasını Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Sədr müavini milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə təbliği ilə bağlı Heydər Əliyevin tövsiyələrini xatırladıb. QMİ sədrinin müavini çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, müdrik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən və xalqımızın firavan gələcəyinə hesablanmış ideoloji xətt uğurlu nəticələr verməkdədir. İşğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, iqtisadi sahədə əldə olunan uğurlar, mənəvi dəyərlərə dövlət səviyyəsində qayğı nəticəsində nail olunmuş yüksəliş Heydər Əliyev müdrikliyindən qaynaqlanan siyasətin şirin meyvələridir.
Konfransda çıxış edən natiqlər Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə gərgin əmək sərf etməsindən danışmış, uzaq gələcəyə hesablanmış Azərbaycançılıq məfkurəsi adlı ideoloji sistem yaratmasını qeyd etmişlər. 
          Tədbirin sonunda bölgə qazısı Mərəhmət Mustafayev konfransın işinə göstərdiyi köməyə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova təşəkkür edib.   
 
 
 
 
 
 
 

 
 
 
 

Oxunub : 1867