Allahşükür Paşazadə həzrətləri TDT rəhbərlərinin Daşkənddə keçirilən 4-cü görüşündə iştirak edib

25.11.2023
 
25 noyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilmişdir. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Nauruzbay Taqanulı, Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaş, Qırğızıstan Üləmalar Şurasının sədri Abdimanap Masaliyev, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Nuriddin Xaliknazar və Türkmənistan Müsəlmanları İdarəsinin sədri Müfti Yalkap Xocaquliyev, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev iştirak etmişlər.
         TDT Müsəlman dini idarə rəhbərləri Şurasının 4-cü görüşündə “İslam ekstremizmə qarşı” Sənədi müzakirə edilmiş, eyni din, ortaq tarix, dil, mədəniyyət və adət-ənənələri bölüşən türk dövlətləri və xalqları arasında həmrəyliyin daha da möhkəmləndirilməsi, TDT-yə üzv ölkələrin milli-mənəvi mühitinə, dövlətçiliyinə və suverenliyinə qarşı hər-hansı təhdidlər yaranarsa birgə mövqedən çıxış etmək və Şura çərçivəsində fətva məsələləri üzrə işçi qrupunun yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
         Tədbirdə Şuranın üzvləri – TDT-yə üzv ölkələrin Müsəlman dini idarə rəhbərləri və TDT Baş katibi çıxış etmişlər. Məruzəçilər Türk-İslam həmrəyliyinin möhkəmləndirilməsində dünyada sülhün və rifahın bərqərar olması, Türk-İslam mənəviyyatının və mədəniyyətinin təbliği və təşviqi,  habelə onun zəngin potensialından istifadə edilməsi sahəsində TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının əhəmiyyətini xüsusi vurğulamışlar.
         Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında forumun təşkilatçılarına və iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını çatdıraraq belə bir tədbirin keçirilməsinə xeyir-dua verən və dəstək olan Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarına Azərbaycan dindarları adından dərin təşəkkür ifadə etmişdir. QMİ sədri qeyd etmişdir ki, müdrik siyasi liderlərimiz Zati-aliləri cənab İlham Əliyev ilə Zati-aliləri cənab Şavkat Mirziyoyev arasındakı dostluq və qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir və inkişaf edir.
         Şeyxülislam A.Paşazadə Azərbaycan torpaqlarının erməni işğalından azad olunduqdan sonra Şavkat Mirziyoyevin Şuşanı ziyarəti, Füzuli şəhərində özbək xalqının hədiyyəsi olaraq inşa edilmiş Mirzə Uluqbəy adına məktəbin açılışında Zati-aliləri İlham Əliyevlə birgə iştirakını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirmişdir.
         Tədbirin sonunda Şura üzvləri “İslam ekstremizmə qarşı” Sənədi yekdilliklə qəbul etmiş və imzalamışlar. Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin növbəti 5-ci görüşünün ev sahibliyinin Qazaxıstana təhvil verilməsi elan olunmuşdur.
         Tədbir çərçivəsində A. Paşazadənin Özbəkistan Respublikası Prezidentinin müşaviri cənab Müzəffər Kamilov, Özbəkistan müsəlmanları idarəsinin sədri Nuriddin Xoliknazar, Türkiyə Diyanət İşləri Başqanı Ali Erbaş, TDT Baş katibi Kubanıçbek Omuraliyev ilə ikitərəfli görüşləri baş tutmuşdur.
         Özbəkistan Prezidentinin müşaviri cənab Kamilovla görüşdə cənab Kamilov QMİ sədrinə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi salamlarını çatdırmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik etmişdir. Öz növbəsində A.Paşazadə Özbəkistan dövlətinə və xalqına Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri üçün minnətdarlıq ifadə etmişdir. Görüşdə iki ölkə arasında mədəni-mənəvi əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur. Görüşdə QMİ sədrinə Özbəkistan Beynəlxalq İslam Universitetinin Fəxri Doktoru adı və diplomu təqdim olundu. Daha sonra Şeyxülislamın təklifi ilə Üləmalar Forumunda iştirak etmək məqsədilə Daşkənddə səfərdə olan Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl Berdiyev, RF Kabarda-Balkar Respublikası müsəlmanları idarəsinin sədri Müfti Hazratali Dzasejev və Şimali Qafqaz İslam universitetinin rektoru Şarafutdin Çoçayev də həmin görüşə qatılmışlar.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1916