Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşmüşdür

08.11.2023
 
         7 noyabr 2023-cü il tarixində BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Abu-Dabi qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilmişdir.
         Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olmuşdur. Şeyxülislam A. Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırmışdır. Öz növbəsində, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş etmişdir. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilmişdir.
         Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər bayramı tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat vermişdir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə etmişdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5902