Şeyxülislam Səudiyyə Ərəbistanı Krallığının yeni səfiri ilə görüşdü

25.10.2023
 
Oktyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib. 
 Səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb, iki dost dövlət arasında münasibətlərin daha da inkişafı üçün çalışacağına əminliyini bildirib. 
 QMİ sədri xalqımızın Qarabağda qazandığı Zəfər barədə səfirə məlumat verərək qeyd edib ki, Azərbaycan xalqı əlamətdar günlər yaşayır: “Dövlətimiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən ilk dəfədir ki, ərazi bütövlüyünün tam bərpasına nail olub. Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti sayəsində azad olunan rayonlarımızda nəhəng quruculuq işlərinə başlanılıb, o cümlədən, Ermənistan tərəfindən dağıdılan məscidlər, digər dinlərə aid məbədlər bərpa edilir”.
 Şeyxülislam Allahşükür Paşazadə xalqlarımız arasında münasibətlərin qədim tarixə söykəndiyini diqqətə çatdırıb: “Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığını tarixi və dini bağlar daha da doğmalaşdırır. Xalqımız hər zaman İslamın müqəddəs məkanlarını ziyarət etməyə can atıb. Sovet dövründə bu məsələlərə çoxlu qadağa və maneə yaradılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz daha da inkişaf etdi. Bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin münasibətlərin yaradılmasında xidmətləri danılmazdır. Ulu Öndərin 1994-cü ildə Səudiyyə Kralı Fəhd ibn Əbdüləziz əl-Səudla iki saat çəkən ilk görüşünün necə qarşılıqlı hörmət və ehtiram şəraitində, səmərəli keçdiyinin şahidiyəm. 
 Şükürlər olsun ki, dövlətlərimiz arasında münasibətlər bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin ailə üzvləri ilə Məkkə və Mədinə şəhərlərində ziyarətdə olması, krallıq rəsmiləri ilə görüşləri, müxtəlif sahələrin inkişafı üçün əldə edilən razılaşmalar buna sübutdur. Sağlam bünövrə üzərində qurulan bu mənəvi körpü sizin kimi təcrübəli diplomatların səyi ilə daha da möhkəmlənəcək inşallah”.
 QMİ sədri Azərbaycan Həcc missiyasının ötən ilki ziyarətin yekunlarına görə qalib elan olunduğunu bir daha səfirin diqqətinə çatdırıb: “Səudiyyə Ərəbistanı Krallığı hər il Azərbaycandan Həccə gedən zəvvarların ziyarətlərinin rahat və təhlükəsiz yerinə yetirmək üçün diqqət göstərir. Ötən il zəvvarların sənədlərinin elektronlaşdırılması ilə bağlı dini mərkəz olaraq həyata keçirdiyimiz işlər krallığın Həcc Nazirliyi tərəfindən yüksək qiymətləndirildi və QMİ-nin Həcc missiyası qalib elan olundu. Əldə olunan təcrübədən növbəti illərdə də yararlanmağa çalışacağıq”. 
 Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı yeni səfiri İssam bin Saleh əl-Cuteyli xoş qarşılanmaya görə təşəkkür edib, dövlətini ölkəmizdə təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb: “Azərbaycanlı qardaşlarım arasında özümü doğma evimdəki kimi his edirəm. Ölkəmiz hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib və bu mövqe dəyişilməz olaraq qalacaq”. 
 Səfir Bakıda rəsmi fəaliyyətə başladıqdan sonra ilk nəzakət görüşlərinin birini Şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyinin təsadüf olmadığını vurğulayıb: “Bir diplomat kimi dövlətlərimizin müxtəlif sahələrdə əlaqələrinin inkişafına töhfə verməyə çalışacağam. Dini sahədə münasibətlərin davamlılığını təmin etmək üçün sizin kimi müdrik, müsəlman aləmində tanınmış dini liderin məsləhətlərinə ehtiyacım var”. 
 Diplomatın sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı ölkəyə gələn azərbaycanlı zəvvarlara xidmət göstərməkdən şərəf duyur: “Allah qonağı olan müsəlman qardaşlarımız üçün ürəklərimiz qapılarımızdan əvvəl açıqdır”. 
 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.    

Oxunub : 6172