15 OKTYABR 2024
Şeyxülislam həzrətləri Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin iclasında iştirak edib
11.10.2023
Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin 21-ci iclasında iştirak edib. Qazaxıstan Respublikası Parlamenti Senatının sədri cənab M.Aşımbayevin rəhbərliyi ilə keçirilən tədbirdə 23 ölkədən dini liderlər, siyasi və ictimai xadimlər, ictimaiyyət və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam, BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsinin müşaviri A.Pavlyuçenko, İslam Dünyası Liqası Baş Katibinin müavini Əbdürrəhman Əl-Zeid, Əl-Əzhər Islam Araşdırmaları Akademiyasının Baş Katibi Nazir Məhəmməd Əl-Ayad, Dinlərarası Dialoq Pontifik Şurasının İslamla dialoq üzrə Bürosunun rəhbəri Monsenyor Xalid Akaşe, Anqlikan Kilsəsi Baş Katibinin müavini, yepiskop Beyli Uells, Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer, Bəhreynin Kral Həməd adına Sülh içində Birgə Yaşayış Mərkəzinin prezidenti Şeyx Abdullah bin Əhməd Əl Xəlifə iştirak ediblər.
İclası açan Qurultay katibliyinin rəhbəri cənab Maulen Aşimbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tədbir iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qeyd edib ki, iyirmi illik fəaliyyəti ərzində Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayı dinlərarası sülhün və harmoniyanın möhkəmləndirilməsinə, tolerantlıq və qarşılıqlı dəstək ideyalarının təbliğinə mühüm töhfələr verib.
Daha sonra söz Katibliyin üzvü, QMİ sədri Şeyxülislam A.Paşazadəyə verildi. Şeyxülislam görüş iştirakçılarına Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin və bütün Azərbaycan xalqının salamlarını çatdırdı. O, dinlərarası dialoqun Astana qlobal formatının xüsusi rolunu qeyd edib və bu platformanın əhəmiyyətinin və beynəlxalq aləmdə nüfuzunun artmasında ölkə Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayevin xüsusi rolunu vurğulayıb. Şeyxülislam tədbir iştirakçılarına hazırda işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. «Biz bərpa və minatəmizləmə işlərində Azərbaycana dəstək göstərən, yeniqənqurma layihələrində iştirak edən hər bir dövlətə minnətdarıq. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzuli şəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə görə dərin təşəkkürlərimizi ifadə edirik».
İclas iştirakçıları Qurultayın 2023-2033-cü illər üçün inkişaf konsepsiyasını təsdiqləyiblər və Qurultay katibliyinin növbəti XXII iclasının 2024-cü ilin sentyabrında Astanada keçirilməsi barədə qərar qəbul ediblər.
Yekun nitqlə çıxış edən Parlament Senatının sədri cənab Aşımbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif onunması barədə qərarını iclas iştirakçılarına elan etdi. Dövlət ordeni Şeyxülislama təntənəli şəkildə təqdim edildi. Katibliyin bir sıra digər üzvlərinə Qurultayın xatirə medalları və sertifikatları təqdim olundu.Təqdimat mərasimindən sonra tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirməyə dəvət olundular.
Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Ağalar Atamoğlanov iclasda iştirak edib.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 3033