11 OKTYABR 2024
Şeyxülislam həzrətləri Bəhreyn Krallığının Kral Həməd adına sülh şəraitində birgə yaşayış Qlobal Mərkəzinin prezidenti ilə görüşüb
11.10.2023
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstan Respublikasında oktyabrın 10-da bir sıra görüşlər keçirib.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Bəhreyn Krallığının Kral Həməd adına sülh şəraitində birgə yaşayış Qlobal Mərkəzinin prezidenti dr. Abdullah bin Əhməd Al Xəlifə ilə görüşüb.
Şeyxülislam Paşazadə Bəhreyn Krallığının nümayəndəsini salamlayaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Bəhreyn Krallığının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsini də icra edən cənab Al Xəlifə daha əvvəl ölkəmizə səfər etdiyini, burada Azərbaycan Xarici İşlər Nazirliyində həmkarları ilə görüşlər keçirdiyini bildirib. Doktor Abdullah Al Xəlifənin sözlərinə görə, bu səfər onun yaddaşında ən xoş təəssürat və xatirələrlə qalıb.
QMI sədri Şeyxülislam A.Paşazadə bəhreynli həmsöhbətinə Azərbaycanda hökm sürən multikulturalizm, dinlərarası və konfessiyalarası harmoniya mühitindən danışıb. Bildirib ki, Azərbaycanda sünni və şiə müsəlmanlar mehriban yaşayır, hər birində sünni və şiə olmaqla iki imam olan ölkə məscidlərində birlikdə namaz qılırlar. Eyni zamanda, müxtəlif dinlərin nümayəndələrinin tolerantlıq mühitində yaşaması Azərbaycan cəmiyyətinin həyat tərzidir. Kral Həməd Qlobal Mərkəzinin prezidenti, öz növbəsində, qeyd edib ki, Bəhreynin müsəlman icması da iki məzhəbin nümayəndələrindən ibarətdir ki, bu da cəmiyyətlərimizin oxşarlığından xəbər verir. Tərəflər iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəni və mənəvi sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Cənab Bin Əhməd QMİ sədrinə məlumat verdi ki, onun rəhbərlik etdiyi Qlobal Mərkəz Müsəlman Ağsaqqallar Şurası ilə əməkdaşlıq çərçivəsində gələn il Bəhreyndə dünyanın müxtəlif ölkələrindən bir çox din xadimlərinin iştirakı ilə sülh içində birgə yaşayış məsələlərinə həsr olunmuş böyük beynəlxalq dinlərarası forum təşkil etməyi planlaşdırır və Şeyxülislamı orada iştirak etməyə dəvət etdi. “Dinlərarası dialoq məsələlərində Sizin çoxillik dəyərli təcrübəniz forumumuz üçün vacibdir və biz Sizdən forumda iştirak etməyinizi xahiş edirik. Müsəlman Ağsaqqalları Şurasının üzvü olaraq Sizin bu forumda iştirak etməyinizi həmçinin Şuranın sədri, Şeyx Əhməd Əl-Tayyib bizə tövsiyə edib". QMİ sədri A.Paşazadə dəvətə görə minnətdarlığını bildirib və bu dəvəti məmnuniyyətlə qəbul edib. Görüşün sonunda tərəflər Kral Həməd Qlobal sülh içində birgə yaşayış Mərkəzi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında sıx ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və nümayəndə heyətinin üzvləri iştirak ediblər.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 2731