Şeyxülislam Allahşükür Paşazadə Aşurbəylilər nəslinin tanınmış nümayəndəsini qəbul etdi

 
 
28.09.2023
         Sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini inşa etdirmiş Nabatxanım Aşurbəylinin nəvəsi, Azərbaycanda səfərdə olan tanınmış soydaşımız - iş adamı, ictimai xadim, texnika elmləri doktoru İqor Rauf oğlu Aşurbəyli ilə görüşüb.
   Səmimi şəraitdə keçən görüşdə Nabatxanım Aşurbəylinin tikdirdiyi Təzəpir məscidinin  tarixi əhəmiyyətindən, Azərbaycan, Qafqaz müsəlmanlarının həyatında böyük rolundan ətraflı danışılıb. Öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş N. Aşurbəylinin xatirəsi ehtiramla anılıb, ruhu dualarla yad edilib.
         Şeyxülislam A. Paşazadə Aşurbəylilər nəslinin tarixində böyük rolunu rəğbətlə vurğulayıb, bu nəslin tanınmış nümayəndələrinin dəyərli fəaliyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı və dövləti bu məşhur nəslin nümayəndələri, onların milli-mənəvi dəyərlərə töhfələri ilə fəxr edir. İ.Aşurbəyli, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadəyə zaman ayırıb onunla görüşdüyünə görə təşəkkürlərini bildirib. İ.Aşurbəyli  Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən hər bir azərbaycanlı kimi fəxarət duyduğunu bildirib. Daha sonra mənsub olduğu Aşurbəylilər nəslinin tarixçəsindən danışan İ.Aşurbəyli bildirib ki, nəsil şəcərəsinə aid şəxslərin Azərbaycan xalqına xidmət edən əməlləri ilə qürur duyur. Bu əsnada, İ. Aşurbəyli Şeyxülislam A.Paşazadəyə Aşurbəylilərin embleminin təsvir olunduğu xatirə medalını təqdim edib. O, QMİ sədrini yaxın günlərdə Aşurbəyli şəcərəsinin 280 illiyi münasibətilə keçirəcəkləri tədbirə dəvət edib.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 4142