15 OKTYABR 2024
Şeyxülislam həzrətləri ABŞ-ın Stirlinq Fondunun nümayəndə heyətini qəbul etdi
01.09.2023
Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti cənab Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səmimi şəraitdə keçən görüşdə qonaqları salamlayan Şeyxülislam A. Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq günü ilə bağlı keçən beynəlxalq konfransı xatırlayıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına builki səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər.
Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, bununla bağlı qonaqlara təşəkkürlərini bildirib. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir. Yeri gəlmişkən, Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən yeni təyinat almış din xadimi - Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinin imamı Mirabdulla Həsənlini qonaqlara təqdim etdi.
Stirlinq Fondunun prezidenti cənab Edvard Rou səmimi qəbula görə Şeyxülislam A. Paşazadəyə minnətdarlığını ifadə edib, Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdıran amerikalı qonaq ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Şeyxülislam A. Paşazadəni Yuta ştatına bir daha səfər etməyə dəvət edən cənab E.Rou QMİ sədrini bölgədə, postsovet məkanında, ümumən dünyada tanınan müdrik dini lider kimi səciyyələndirib. Cənab E.Rou Şuşadakı məscidin bərpa olunaraq fəaliyyətini bərpa etməsini gözəl hadisə kimi dəyərləndirdi və yeni imamı təbrik etdi. Sonda xatirə fotosu çəkildi.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 6106