15 OKTYABR 2024
Şeyxülislam həzrətləri Belçikanın Xarici işlər nazirini qəbul edib
25.08.2023
Avqustun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə birlikdə ölkəmizdə səfərdə olan Belçika Krallığının Xarici İşlər naziri Hadja Labibini onun öz xahişi ilə qəbul edib.
Görüş zamanı QMİ sədri din xadimlərinin Uca Yaradan qarşısında daşıdıqları məsuliyyətdən çıxış edərək öz fəaliyyətləri ilə dindən siyasi məqsədlər üçün sui-istifadə olunmasına yol verməmək yönündə səy göstərdiklərini qeyd etdi. Bildirdi ki, siyasilərin bu istiqamətdə əməllərinin olduqca fəsadlı nəticələri dünya ictimaiyyətini narahat edir. Dünyada və bölgədə sülh, əmin-amanlıq və tərəqqi naminə, xalqların dinc birgəyaşayışı yolunda siyasi proseslərə dəstək vermək din xadimlərinin üzərinə düşən vəzifədir.
Şeyxülislam A.Paşazadə qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra öz ərazi bütövlüyünü bərpa etmək yönündə mübarizə aparmaq vəzifəsini həyata keçirdi və 30 ilə yaxın davam edən erməni işğalına 44 günlük Vətən müharibəsində son qoydu. Dövlət rəhbərimizin ali iradəsi, qəhrəman Ordumuzun şücaəti ilə xalqımız tarixi ədaləti bərpa etdi. QMİ sədri Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövtrdə törədilmiş vandalizm aktlarından, Ermənistanda yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qaldığından, bir milyon insanın öz dədə-baba torpaqlarından zorla çıxarılmasından, qaçqın, məcburi köçkün həyatı sürməyə məcbur qalmasından, Xocalı şəhərində törədilmiş soyqırımdan, bugünədək 4000 itkin düşmüş azərbaycanlının taleyinin indiyədək naməlum qalmasından, kütləvi insan məzarlıqlarının davamlı aşkarlanmasından, münaqişə dövründə və üçtərəfli bəyanatdan sonra ermənilər tərəfindən basdırılan minalar səbəbindən yüzlərlə insanın həlak olması və ya əlil olmasından faktlarla bəhs etdi. İşğal dövründə Azərbaycan torpaqlarında dini-mənəvi abidələrə qarşı həyata keçirilmiş vandalizm halları barədə, məscidlərin dağıdılması, həqarət olunması, xristian kilsələrinin mənşəyinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və s. haqqında geniş məlumat verdi.
Şeyxülislam bildirdi ki, dünya ictimaiyyəti, siyasilər, beynəlxalq təşkilatlar bu reallıqlara, azad olunmuş ərazilərimizə səfərlər zamanı öz gözləri ilə müşahidə etdikləri həqiqətlərə obyektiv yanaşma sərgiləməli, bəşəri ədalət mövqeyindən yanaşmalıdırlar. Etnik təmizləmə, soyqırım kimi bəşəri cinayətlərin dünyanın heç bir nöqtəsində bir daha təkrarlanmaması üçün, insan faciələrinin bir daha baş verməməsi üçün İlahi və insani ədalətin bərqərarı, subyektiv deyil, obyektiv qiymətləndirmə, dünya ictimaiyyətinin qətiyyətli qınağı olduqca vacibdir.
30 il müddətində Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək olara dini lider kimi əlindən gələni əsirgəmədiyini, bu məqsədlə 1988-ci ildən etibarən müxtəlif vasitəçilərlə fərqli beynəlxalq müstəvilərdə dəfələrlə erməni kilsəsinin rəhbərləri ilə görüşdüyünü, qonşu xalqlar arasında sülhün əldə olunmasına nail olmaq yönündə davamlı səy göstərdiyini, dəfələrlə dünya ictimaiyyətinə, beynəlxalq təşkilat və dini mərkəzlərə qəbul etdikləri müraciətləri xatırlatdı. Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montredə erməni katolikosu Vazgenlə və Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə I Qaregin və II Qareginlə görüşlərindən, Bakıda və İrəvanda bir araya gəlməsindən danışan QMİ sədri bütün bu görüşlərin ən böyük nailiyyətinin ondan ibarət olduğunu vurğuladı ki, münaqişənin dini səciyyə daşımadığı təsbit olundu, dinlərarası qarşıdurma xarakteri almasına imkan verilmədi. Şeyxülislam A. Paşazadə təəssüflə bildirdi ki, indi erməni kilsəsi revanşizm çağırışlarının önündə gedir, istər Eçmiədzin, istərdə Kilikiya erməni kilsəsinin rəhbərləri erməni xalqını yenidən müharibəyə ruhlandırırlar, Ümumdünya Kilsələr Şurası platformasında xristian təəssübkeşliyindən sui-istifadə edərək anti-Azərbaycan xarakterli sənədlər qəbul etdirmək üçün səy göstərirlər.
QMİ sədri kilsənin fəaliyyətinin siyasiləşməsinin Ermənistan-Azərbaycan arasında sülhün imzalanmasına mane olduğunu və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəllədiyini xüsusi qeyd etdi. Şeyxülislam A. Paşazadə bildirdi ki, Qarabağda yaşayan ermənilərin də tolerant Azərbaycanın multikultural cəmiyyətində öz layiqli yerini tutmasına Azərbaycan dövləti qarantdır.
Belçikalı nazir H.Labib Azərbaycanda müxtəlif dini mənsubiyyətli insanların belə bir harmoniya şəraitində birgə yaşamalarını müşahidə etməkdən məmnun olduğunu bildirdi. Fərqli dini mənsubiyyət daşıyıcılarının belə bir mühitdə bir araya gəlməsində Şeyxülislamın dəst-xəttinin olduğunu vurğulayan belçikalı nazir Cənubi Qafqazda sülhün əldə olunması üçün bu potensialdan istifadə olunmasının, dini liderlərin fəallıqlarını daha da artırmasının vacib olduğunu qeyd etdi.
Qəbulda iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbər və nümayəndələri qonağı ölkəmizdə hökm sürən dinlərarası anlaşma və əməkdaşlıq mühiti barədə məlumatlandırdılar, dini icmalarının multikultural harmoniya şəraitində öz ibadətlərini həyata keçirdiklərini və dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını nümunələrlə belçikalı nazirin diqqətinə çatdırdılar.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 3560