QMİ sədri Özbəkistan prezidentinə təbrik məktubu ünvanlayıb.

12.07.2023
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevə növbəti prezident seçkilərində qələbəsi ilə əlaqədar təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
 
Özbəkistan Respublikasının Prezidenti
Zati-aliləri cənab Şavkat MİRZİYOYEVƏ
 
Möhtərəm cənab Prezident!
          Sizi qardaş Özbəkistan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik etmək, ən xoş arzularımı yetirməkdən şərəf duyuram. Zati-alilərizə Uca Allahdan can sağlığı, uzun ömür, Özbəkistan dövlətinin yüksəlişi naminə mötəbər fəaliyyətinizə uğurlar arzulayıram.
         Zati-aliləri! Özbəkistanın yeni Konstitusiyasına əsasən baş tutan növbədənkənar Prezident seçkilərində Sizin möhtəşəm qələbəniz, heç şübhəsiz ki, uzun illər ərzində Özbəkistanın tərəqqi və çiçəklənməsi üçün dəyərli, fövqəladə xidmətlər göstərmiş siyasi xadimin fəaliyyətinə verilən ən yüksək dəyər, ali ehtiram və dərin etimadın təzahürü, qədirbilən özbək xalqının minnətdarlığının nümunəsidir.  
Möhtərəm cənab Prezident! Ali diqqətinizə məlumdur ki, mən Özbəkistanı ikinci Vətənim olaraq hər zaman böyük hörmət və minnətdarlıqla xatırlayıram. Özbəkistanın tərəqqi və inkişafı, özbək xalqının səadət və rifahı dualarımda dilədiklərim sırasındadır. Sizin simanızda doğma, qardaş ölkənin müdrik dövlət rəhbəri ilə səmimi münasibətlərimizi  olduqca yüksək qiymətləndirirəm. Zati-alilərinizin rəhbərliyi dövründə özbək xalqının zəngin mədəni-tarixi, mənəvi irsinin tədqiqi və təbliği, İslam dininin hümanist, bəşəri mahiyyətinin daha dərindən təşviqi sahəsində olduqca böyük işlər görülmüşdür. Mübaliğəsiz demək olar ki, Özbəkistan dövləti Zati-alilərinizin rəhbərliyi dövründə İslam İntibahı dövrünü yaşayır.
         Möhtərəm cənab Prezident! Zəngin mənəvi irsə istinad edən, onu hər zaman qayğı ilə qoruyub saxlayan, nəinki Mərkəzi Asiyanın qəlbi, bütün İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistanla tarixən mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları ilə Zati-aliləriniz arasında mövcud əsl qardaşlıq münasibətləri, Azərbaycanda və özbək torpağında baş tutan səmimi görüş və ünsiyyətləriniz bizə ruhən mənəvi güc verir. Səmimi qəlbdən arzu edirəm ki, dost, qardaş xalqlarımız və dövlətlərimiz arasında həyatın bütün sahələrində mövcud yüksək səviyyəli, qarşılıqlı fayda kəsb edən əlaqələr ümumi mənafelərimiz naminə daha da inkişaf etsin, inşallah! Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanların açıldığı bir dövrdə ortaq dini-mədəni dəyərlərin, türk-İslam irsinin, tarixi, milli ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, İslam sivilizasiyası elmi-maarif mərkəzinin yaradılması yönündə Zati-alilərinizin fəaliyyətini olduqca yüksək qiymətləndirir və bu işlərə Uca Allahdan xeyir-dualar diləyirəm. Dini lider olaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin Şurası adından möhtərəm dövlət başçılarımızın bu istiqamətdə dəyərli səylərinə Uca Allahdan rəvac diləyirəm.
          Möhtərəm cənab Mirziyoyev! Sizi Prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha ürəkdən təbrik edir, Özbəkistan xalqı və dövləti naminə nəcib fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyirəm. Qoy Rəbbimiz Özbəkistan və Azərbaycan qardaşlığını hər zaman uca qərar versin!
 
           Dərin ehtiramla
                                                                                     Şeyxülislam
                                                                                 Allahşükür PAŞAZADƏ
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2364