Allahşükür Paşazadə: Müqəddəs Taxt-Tacla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

10.07.2023
Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlər yüksək səviyyədədir. Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla əlaqələri inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşündə söyləyib.
Bu yaxınlarda Papa Fransiskin İsveçdə Quranın yandırılması kimi mənfur hadisədən hiddətləndiyini ifadə etdiyini, bunu iyrənc hal kimi dəyərləndirdiyini vurğulayan A.Paşazadə qeyd edib: “Etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvətidir. Biz bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdik. Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur. Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir. Erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan – Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər”.
 
 
 

Oxunub : 2418