13 SENTYABR 2024
Şeyxülislam Azərbaycan diplomatlarını peşə bayramları münasibətilə təbrik edib
10.07.2023
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
cənab Ceyhun BAYRAMOVA
Möhtərəm cənab Nazir!
Sizi və Sizin şəxsinizdə rəhbərlik etdiyiniz qurumun bütün əməkdaşlarını peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, Vətənimiz Azərbaycan naminə nəcib fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyirəm.
Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq zirvəsinə yüksəltmiş müzəffər dövlət başçısı Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin müəyyən etdiyi istiqamətlər üzrə ölkəmizin xarici siyasətini müvəffəqiyyətlə həyata keçirən Azərbaycan diplomatiyasının nailiyyətləri ən xoş sözlərə layiqdir. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixində Azərbaycan diplomatlarının uzun illər ərzində fədakar əməyi xüsusi qeyd olunmalıdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və müdrik dövlət başçımız Zati-aliləri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilən çevik, inamlı və qətiyyətli xarici siyasət xəttinin daşıyıcıları olaraq Azərbaycan diplomatları dünya miqyasında müstəqil dövlətçilik ənənələrimizi ən yüksək səviyyədə, şərəflə təmsil edirlər. Əminəm ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, diplomatik korpus heyətimizin müstəqillik illərində topladığı zəngin təcrübə, qazandığı etimad, habelə Azərbaycan Xalq Cümhuriyyəti illətinin tarixi irsi, ən mühümü, 44 günlük Vətən müharibəsi dövründə keçdiyi şərəfli yol, inşallah, Azərbaycan diplomatlarının gələcəkdə daha böyük uğurlara imza atmasına səbəb olacaqdır.
Vətənimizin uğurlu gələcəyi və davamlı tərəqqisi bizim hamımızın ümdə məramıdır və bu istiqamətdə birgə fəaliyyət göstərmək vətəndaşlıq borcumuz, mühüm vəzifəmizdir. Diplomatik xidmət işçilərinin dövləti mənafe cəhətdən əhəmiyyət kəsb edən peşəkar fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiq və dəyərlidir. Azərbaycanın hüdudlarından uzaqlarda, beynəlxalq təşkilatlar müstəvisində milli maraq və dövləti mənafelərimizin müdafiəsi yolunda diplomatlarımızın fədakar əməyi yüksək qiymətə layiqdir.
Şeyxülislam olaraq Qafqaz Müsəlmanları İdarəsinin geniş xarici əlaqələrinin, fəaliyyətimizdə prioritet istiqamətlərdən olan dinlərarası dialoq və əməkdaşlığın həyata keçirilməsində əlindən gələn yardımı bizdən əsirgəməyən Xarici İşlər Nazirliyinin əməkdaşlarına, xarici ölkələrdəki diplomatlarımıza səmimi təşəkkürlərimi bildirirəm. Peşə bayramınız günlərində Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətinin dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi, rəhbərlikdə təmsil olunan şəxslərə dövlət başçımız tərəfindən ali diplomatik rütbələrin verilməsi münasibətilə şəxsən Sizi, cənab Nazir və Sizin simanızda müavinlərinizi səmimi qəlbdən təbrik edir, sizlərə gələcək fəaliyyətlərinizdə uğurlar diləyirəm.
Hörmətli Ceyhun müəllim! Bir daha Sizi – qalib Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini və bütün Azərbaycan diplomatlarını peşə bayramınız münasibətilə təbrik edir, doğma Azərbaycan naminə dəyərli fəaliyyətinizdə yeni uğurlar, böyük nailiyyətlər arzulayıram. Bayramınız mübarək!
Uca Allah köməyiniz olsun!
Dərin hörmətlə
Şeyxülislam
Allahşükür PAŞAZADƏ
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 2610